YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin xalqa hər bir müraciəti qürurverici məqamlarla zəngindir. Ölkə Prezidenti sentyabrın 20-də xalqa müraciətində Azərbaycanın rəşadətli Ordusunun növbəti dəfə missiyasını şərəflə yerinə yetirdiyini, bir gün davam edən lokal antiterror tədbirlərinin uğurlu nəticələrinin sülh müqaviləsinin  imzalanlanmasında bütün maneələri aradan qaldıracağına əminliyini diqqətə çatdırdı. Cənab İlham Əliyev “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər” söyləyərək onu da əlavə etdi ki, bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq: “Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq.” 

Dövlət başçısı İlham Əliyev hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində tarixi Qələbəmizə  əminliyini ifadə edərək regionu gələcəkdə necə görmək istədiyini də açıqlamışdı. Sülh, əmin-amanlıq, inkişaf hər zaman əsas hədəf kimi qarşıda dayanır.

Azərbaycan hazırda dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir. Bu işlər məhz Azərbaycan dövlətinin öz səyləri, resursları, təkmil idarəçiliyi əsasında reallaşdırılır. Beynəlxalq ictimaiyyət tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər. Xalqa müraciətində cənab İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsindən geniş bəhs etdi.

    Həmin müraciətində lokal antiterror tədbirlərinin uğurlu nəticələrini diqqətə çatdıran ölkə Prezidenti onu da vurğuladı ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi,  zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır: “Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.” Azərbaycan ölkəmizin Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin edilməsinə dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir.

Tarixi Zəfərimizin reallıqları fonunda regionda dayanıqlı sülhün yaradılmasında maraqlı olan ölkəmiz sülh müqaviləsinin imzalanmasında Ermənistanın da eyni şəkildə səylər göstərməsini tələb edir. Reallıq budur ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsi, Ermənistanın mütəmadi təxribatlara can atması Azərbaycanın lokal antiterror tədbirlərinə rəvac verdi. Belə ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur. Azərbaycan Ordusu peşəkarlığı, yüksək döyüş ruhu, fəaliyyətini təkmil plan əsasında qurması fonunda lokal antiterror tədbirlərini uğurla başa çatdırdı. Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq.