YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir gün ərzində...

Ərəb ölkələrinin kütləvi informasiya vasitələrində Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirləri və dövlətimizin bu ərazilərdə öz suverenliyini bərpa etməsi haqqında materiallar dərc edilib.

“Əl Əhram” qəzetində dərc olunmuş məqalədə Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətindən əsas məqamlar yer alıb. Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən mina terrorundan sonra dərhal lazımi addımlar atıldığını, düşmənin layiqincə cəzalandırıldığını bildirib. O vurğulayıb ki, lokal xarakterli antiterror tədbirlərinə başlanılıb və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirilib. Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

“Əl-Vəsat” nəşrində dərc olunan “Azərbaycan Qarabağda öz suverenliyini bərpa edib” sərlövhəli yazıda da Prezident İlham Əliyevin xalqa müraciətindən sitatlar dərc olunub. Məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinin başladığını, o cümlədən onların Azərbaycanın şərtini qəbul edərək silahları təhvil verdiyini bildirib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Bakının antiterror tədbirlərinə başlaması qanunsuz erməni hərbi birləşmələrinin təxribatları, o cümlədən azərbaycanlı hərbçilər və mülki şəxslərin həlak olması ilə nəticələnən mina terroru ilə bağlı olub.

“Arab.48” informasiya portalında dərc olunmuş materialda da Azərbaycanın qısamüddətli antiterror tədbirlərindən sonra öz ərazilərində suveren hüquqlarını bərpa etdiyi, qanunsuz erməni hərbi birləşmələrinin ağ bayraq qaldıraraq təslim olduğu və Xankəndindəki separatçı rejimin Bakının bütün şərtlərini qəbul etdiyi bildirilib. Məqalədə, eyni zamanda, Prezident İlham Əliyevin Qarabağdakı erməniəsilli vətəndaşların Azərbaycan Konstitusiyasına müvafiq şəkildə reinteqrasiyası barədə fikirləri yer alıb. Yazıda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Qarabağ ermənilərinin bütün hüquqlarının təmin ediləcəyini də söyləyib.

Bundan başqa, “İndependentarabia”, “Əl Naşra” informasiya portallarında, həmçinin “Əl Cəzirə”, “SkyNewsArabia” telekanallarında da Azərbaycanın Qarabağda öz suverenliyini tam şəkildə təmin etməsi, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməniəsilli sakinləri arasında aparılan danışıqlar barədə xəbərlər və reportajlar yayımlanıb.