YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olduğunu atdığı addımları ilə təsdiqləyir. İstər 30 illik işğal, istərsə də postmünaqişə dövrünün reallıqlarına diqqət yetirsək Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənərək ən yüksək tribunalardan bununla bağlı çağırışlar etdiyini görərik. Azərbaycanın 30 illik işğal dövründə yaşadığı faciələrə, təxribatlara, 44 günlük İkinci Qarabağ müharibəsini yaşamasına baxmayaraq Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsini təklif etməsi də bunun bariz nümunəsidir. Bunun qarşılığında Ermənistanın havadarlarının köməyinə arxalanaraq ölkəmizə qarşı hansı siyasəti həyata keçirdiyi göz qabağındadır. Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməkdə maraqlı olmayan Ermənistan bunu törətdiyi təxribatları, terror aktları ilə də təsdiqləyir. Azərbaycanı antiterror tədbirlərinə təhrik edən erməni təxribatlarına nəzər salaq.  Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Sentyabrın 19-da baş verən terror aktı Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasını zərurətə çevirdi.

Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirdi ki, Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir.

Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul olunması əsasında lokal antiterror tədbirləri dayandırıldı. Bu, Azərbaycanın haqlı mövqeyinin nümayişidir. Qeyd edək ki, ölkəmizin Ermənistana təklif etdiyi sülh müqaviləsi də beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edir. Cənab İlham Əliyev xalqa müraciətində bu məqama da xüsusi diqqət yönəltdi ki, Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?! Hansı dövlət atributları ola bilər?! Hansı seçkilər ola bilər?!

Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda bildirmişdir ki, status cəhənnəmə getdi. “Müharibədən bir müddət sonra biz status haqqında cəfəng ifadələri eşitmirdik” söyləyən dövlət başçısı xalqa sözügedən müraciətində onu da bildirdi ki, görünür bu qorxu onların canından yavaş-yavaş çıxdıqca yenidən revanşist qüvvələr baş qaldırır. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir. Bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçiririk. 

Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.