YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yaşıl hidrogen” gələcəyimizə işıq salır

Emin Bağirov

İqtisadi şərhçi

COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək və ondan sonrakı dövrdə “yaşıl enerji” və iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir. Azərbaycanın daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə “yaşıl enerji” planları 2027-ci ilədək olan birinci mərhələdə 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələdə isə 8 QVt-dan çox “yaşıl enerji” güclərinin reallaşdırılması hədəflənib. Bu, bərpaolunan enerji potensialının ölkəmiz vasitəsilə təxminən 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artımını vəd edib. Respublikamızda elektrik enerjisinin qoyuluş gücündə “yaşıl enerji” payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faizə yüksəldən bu layihələr Avropa ölkələrində də bərpaolunan enerji potensialının artırılmasının mənbələrindən olacağı göstərilib.  “Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5 min meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə respublikamızda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilib və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür. Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafı perspektivləri regional və beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdə geniş müzakirə olunur. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlıq platforması kimi çıxış edir. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoq mühüm önəm daşıyır ki, bu da təsadüfi deyil. Çünki “yaşıl hidrogen” istehsalı yeni iqtisadi imkanlar yaratmaqla enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirir.  Yuxarıda göstərilənlərdən bir daha aydın olur ki, “yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində əhəmiyyətli rol oynayır. Ekoloji fəlsəfədə “yaşıl enerji”nin xüsusiyyətləri insan-təbiət münasibətləri kontekstində öyrənilir. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır.  “Yaşıl enerji” mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün vacibdir. “Yaşıl enerji” istehsalı enerji təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yer tutur, yeni texnologiyaların və innovasiyaların inkişafına təkan verir.

Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır. Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Bu ərazilər yüksək potensiala malik olan “yaşıl enerji” mənbələrinə malikdir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri kimi çayların qollarında böyük hidroenerji imkanlar mövcuddur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait var. İlkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2 min MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və Şuşa rayonlarında geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı var.  Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanda “Yaşıl enerji zonası”nın yaradılmasını nəzərdə tutan kompleks tədbirlər öz əksini tapıb. Naxçıvanda “yaşıl enerji” istehsalının inkişaf etdirilməsi məqsədilə “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” kimi şirkətlərlə müqavilələr imzalanıb.