YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunması əsasdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və mövqeyini möhkəmləndirir. Bu gün yeni mərhələyə qədəm qoyan Azərbaycan-ABŞ münasibətləri dünyanın diqqətindədir. Donald Trampın yenidən Prezident seçilməsindən sonra iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, bunun rəsmiləşdirilməsi üçün sənədlərin imzalanması da özündə mühüm məqamları ehtiva edir. Bu günlərdə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ölkəmizdə rəsmi səfərdə oldu. Bu səfər ərəfəsində ABŞ-ın tanınmış şirkətlərinin nümayəndələrindən ibarət heyət də ölkəmizdə səfərdə oldu. Səfərlərin qarşılıqlı və dinamik xarakter alması əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu ilin yanvar ayında cənab İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun 56-cı iclası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə də görüşü olmuşdu. Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına  təsisçi kimi qoşulması ölkəmizin  beynəlxalq miqyasda sülh, dialoq və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyinin göstərici olmaqla yanaşı, iki ölkənin  münasibətlərinin hazırkı inkişaf səviyyəsinin də təqdimatı oldu.

Dövlət başçısı İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə görüşündə iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında  Xartiya  ilə bağlı səsləndirilən fikirlər Azərbaycan-ABŞ münasibətlərinin daha sistemli və uzunmüddətli əsaslar üzərində inkişaf etdiriləcəyini göstərir. Cənab İlham Əliyev vurğuladı ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.

Cey. Di. Vens isə qeyd etdi ki, ümidimiz Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallarla bağlı əməkdaşlığın qurulmasıdır. Bilirik ki, toqquşmanın qarşısını alacaq və müharibələrə imkan verməyəcək mühüm məsələlərdən biri iki xalq arasında qarşılıqlı mədəni mübadilələrdir. Onlar birgə çalışanda böyük əmin-amanlıq yaranır və bir-biri ilə mübarizə aparmır: “Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Bu gün mən Ermənistanda idim. Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin liderliyi olmasaydı, biz sülh sazişinə nail ola bilməzdik. Düşünürəm ki, üç şəxs tarixi sülhü yaratdı. Bu ölkənin Prezidenti, Ermənistanın Baş naziri və əlbəttə, ABŞ Prezidenti birgə işləyərək, əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar. Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir”.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan sülh modeli artıq beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir. Ölkəmiz sabitlik yaradan, sözünün imzası qədər dəyəri olan, uzunmüddətli əməkdaşlığa sadiq tərəfdaş kimi qəbul olunur. Dövlətlər arasında münasibətlərin inkişafında qarşılıqlı etimad mühitinin qorunması və möhkəmləndirilməsi əsasdır. Bu gün dünya Azərbaycan-ABŞ münasibətlərinin timsalında  bu etimadı  aydın şəkildə  görür.