Xəbərlər
Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olub. Ötən ilin avqustunda cənab İlham Əliyevin ABŞ-a işgüzar səfəri iki ölkənin əlaqələrində yeni səhifə açan mühüm hadisələrlə tarixə yazıldı. Tarixi sülh razılaşması məhz həmin səfər çərçivəsində əldə edildi. Bu günlərdə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri iki ölkənin əlaqələrinin gələcək inkişafı ilə bağlı mühüm addımların atılması ilə diqqətdə oldu. Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə keçirdiyi geniş tərkibdə görüşdə Cey. Di. Vens sülh gündəliyinin irəli aparılmasında Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderliyi vurğuladı. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi rolunu qeyd etdi. Cey. Di. Vens Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını vurğuladı. Söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu. ABŞ-ın Vitse-prezidenti onu da qeyd etdi ki, bu, ötən il bir çox nailiyyətləri olan dostlar arasında baş tutan yaxşı bir görüşdür və hesab edirəm ki, növbəti üç ildə biz daha çox nailiyyət qazanacağıq.
Səfər zamanı Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması əməkdaşlığın gələcək inkişafı üçün yol xəritəsi oldu. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Donald Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Donald Trampa, Vitse-prezident Cey. Di. Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar, həmçinin Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Prezident İlham Əliyev vurğuladı ki, ABŞ-ın Vitse-prezidentinin səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir.
Təhlillər göstərir ki, Azərbaycan-ABŞ münasibətləri yalnız keçmiş təcrübə ilə deyil, gələcəyə yönəlik strateji baxışla formalaşdırılır. Bu yanaşma tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaratdı. Ötən ilin iyulunda Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş zamanı Prezident İlham Əliyevin ona ünvanlanan suallara verdiyi cavablar dünya ictimaiyyətində geniş maraq doğurdu. Dövlətimizin başçısının ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə dair səsləndirdiyi fikirlər Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri baxımından mühüm mesajlar kimi qiymətləndirildi. Gözləntilərin böyük olduğunu xüsusi qeyd edən Prezident İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq.
Həmin vaxtdan ötən az bir müddətdə iki ölkənin əməkdaşlığının möhkəmləndirilməsinə yönələn addımlar söylənilən əminliyin təsdiqidir. Azərbaycan-ABŞ əlaqələrinin yüksələn xətlə inkişafı reallıqdır.
