Xəbərlər
“Gənc liderlər məktəbi” layihəsinin açılış mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Gənc liderlər məktəbi” layihəsinin - liderlik, natiqlik, fərdi inkişaf və kollektiv fəaliyyət istiqamətlərini əhatə edən proqramının açılış mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək layihənin əhəmiyyəti, əsas ideya və gələcək fəaliyyəti ilə bağlı məlumat veriblər.
Bildirilib ki, Azərbaycan gəncliyi ölkənin ən böyük strateji potensialıdır və bu potensialın formalaşmasında Ulu Öndər Heydər Əliyevin gənclərə dair uzaqgörən siyasəti əsas rol oynayıb. Vurğulanıb ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan əlverişli mühit onların potensialının üzə çıxarılmasına, gələcək uğurlarına mühüm töhfə verir.
Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi qədim dövlətçilik ənənələrinə sadiq, milli-mənəvi dəyərlərə bağlı və müasir çağırışlara cavab verən əsas aparıcı qüvvə kimi formalaşmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin ən parlaq nəticələrindən biri Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirməsi olmuşdur.
Tədbir interaktiv formada davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
