YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Aprel zirvəsi - Zəfər nəfəsi”

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş “Aprel zirvəsi - Zəfər nəfəsi” adlı tədbir keçirilib.

Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, DSMF Mil-Muğan regional filialının direktor müavini Tural Məmmədov, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, məktəb direktorları, müəllimlər və YAP fəalları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Aprel döyüşləri Azərbaycan tarixində şanlı bir səhifə olmaqla yanaşı, dövlətimizin gücünün və xalqımızın birliyinin təcəssümüdür. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi və ordu quruculuğuna göstərdiyi xüsusi diqqət nəticəsində Azərbaycan Ordusu bu döyüşlərdə böyük uğur qazanıb. Bu qələbə sonradan əldə edilən möhtəşəm Zəfərin əsasını qoyub və xalqımızın öz gücünə inamını daha da möhkəmləndirib.

İmişli Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev qeyd edib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və yüksək ruhunu bütün dünyaya nümayiş etdirib. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində düşmənə sarsıdıcı zərbə vurulub və bu döyüşlər Azərbaycan Ordusunun istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadir olduğunu bir daha sübut edib.

Tədbirdə çıxış edən Aprel döyüşləri şəhidi, kapitan Nəcməddin Savalanovun anası Ramilə Savalanova, şəhid anası Afət Cavadova və şəhid atası İsrayıl Əbilov bildiriblər ki, onların övladları Vətən uğrunda canlarından keçərək əbədiyaşarlıq qazanıblar. Qeyd olunub ki, şəhidlərin qəhrəmanlığı sayəsində torpaqlarımızın azadlığı uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı daim hiss olunur, bu isə onlara həm təsəlli verir, həm də qürur hissi yaşadır.

Gənclər adından çıxış edən Səbinə Abdullayeva, Afaq Bəşirli və Samirə Kərimli Aprel döyüşlərinin gənc nəsil üçün əsl vətənpərvərlik məktəbi olduğunu deyib, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların gənclərdə yüksək ruh yaratdığı və onları daha məsuliyyətli olmağa sövq etdiyini vurğulayıblar.