YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Liderin anadan olmasının 103 illiyi ilə əlaqədar idman yarışları keçirilir

Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. İdman yarışlarına məktəblilərin estafet qaçışı ilə start verilib.

“Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ təlim-idman bazasında təşkil olunan turnirdə rayonun tam orta məktəblərinin komandaları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı təşkil edilən silsilə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. O qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndərin dövlətçilik irsi xalqımızın yaddaşında daim yaşayacaq. Eyni zamanda vurğulanıb ki, keçirilən idman yarışları həm sağlam həyat tərzinin təşviqi, həm də gənclərin fiziki inkişafı baxımından əhəmiyyətlidir.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri çıxış edərək Ulu Öndərin əsasını qoyduğu idman siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, gəncləri idmana daha fəal şəkildə qoşulmağa çağırıb.

Daha sonra yarışın qaydaları izah olunub və estafet qaçışına start verilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, qızlar arasında I yerə 106 nömrəli tam orta məktəbin, II yerə 139 nömrəli tam orta məktəbin, III yerə 180 nömrəli tam orta məktəbin, oğlanlar arasında isə I yerə 197 nömrəli tam orta məktəbin, II yerə 184 nömrəli tam orta məktəbin, III yerə 139 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.      

Qeyd edək ki, qalib komandaların mükafatlandırılması 7 may Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında keçiriləcək ümumrayon tədbiri çərçivəsində baş tutacaq.

DİGƏR Xəbərlər Arxiv