YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qadın adını və ləyaqətini uca tutan lider”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Qadın adını və ləyaqətini uca tutan lider” mövzusunda şəhid anaları və veteran qadınların iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Azərbaycan xalqının qadına, onun cəmiyyətdəki roluna və mənəvi mövqeyinə hər zaman böyük hörmətlə yanaşdığını bildirib. O qeyd edib ki, Vətən, torpaq və ana anlayışları xalqımızın milli dəyərlərində və ədəbiyyatında daim vəhdət təşkil edib, Azərbaycan qadınının mərdliyi, saflığı və fədakarlığı isə sənət və ədəbi nümunələrdə geniş şəkildə əks olunub.

S.Əliyev vurğulayıb ki, Azərbaycanda qadın hərəkatının genişlənməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yeni mərhələyə qədəm qoyub. Məhz bu dövrdə qadınların ictimai-siyasi həyatda fəallığının artırılması, onların dövlət idarəçiliyində təmsil olunması istiqamətində mühüm addımlar atılıb. 1998-ci ildə yaradılmış Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi qadınların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayıb. 1995-ci ildə qəbul edilmiş Konstitusiya isə qadın və kişilərin bərabər hüquqlarını hüquqi müstəvidə təsbit edib.

Vurğulanıb ki, bu gün Azərbaycanda qadın siyasəti Ulu Öndərin müəyyən etdiyi strateji xətt üzrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qadınlara göstərdiyi yüksək diqqət və qayğı onların cəmiyyətin bütün sahələrində daha fəal iştirakına geniş imkanlar yaradıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkədə qadın hərəkatının inkişafında və ictimai fəallığın artırılmasında mühüm xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə müasir Azərbaycan qadınının nümunəsini formalaşdıraraq humanizm, qayğıkeşlik və ictimai məsuliyyət dəyərlərini uğurla təcəssüm etdirir.

Daha sonra Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova, Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova və digərləri Azərbaycan qadınının tarixən cəmiyyətin inkişafında oynadığı roldan, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdəki fəallığından danışıblar. Bildirilib ki, bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin qadın siyasəti dayanır.

Tədbir qarşılıqlı fikir mübadiləsi və səmimi çıxışlarla davam edib.

DİGƏR Xəbərlər Arxiv