Xəbərlər
“Yeni Azərbaycan memarlığında ənənə və müasirliyin vəhdəti” mövzusunda tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Yevlax şəhər 11 nömrəli tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Yeni Azərbaycan memarlığında ənənə və müasirliyin vəhdəti” mövzusunda tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev şəhərsalma siyasətində milli-mənəvi dəyərlərin qorunmasını, tarixi irsin yaşadılmasını və müasir memarlıqla vəhdətin təmin olunmasını əsas prioritet kimi müəyyən etmişdir. Onun rəhbərliyi ilə ölkənin müxtəlif bölgələrində tarixi-memarlıq abidələrinin qorunması və bərpası istiqamətində mühüm layihələr həyata keçirilmişdir.
Qeyd olunub ki, müasir Azərbaycanın şəhərsalma və memarlıq siyasətinin əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın bu sahədə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Məktəbin direktor əvəzi, ərazi partiya təşkilatının sədri Xədicə İbrahimova, müəllimlərdən Eldar Əliyev və digərləri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən mühüm layihələrdən bəhs ediblər. Bildirilib ki, həmin dövrdə milli memarlıq ənənələri müasir şəhərsalma yanaşmaları ilə uğurla uzlaşdırılıb və bu istiqamətdə sistemli inkişaf modeli formalaşdırılıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri bu siyasətin davamıdır. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi isə müasir dövrün innovativ yanaşmalarının uğurlu nümunəsi kimi qiymətləndirilib.
Sonda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin davamlı tərəqqisinin əsasını təşkil edir və Azərbaycanın gələcək uğurlarına etibarlı zəmin yaradır.
Tədbirin sonunda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub, bir qrup partiya fəalına fəxri fərman verilib.
