Xəbərlər
"Xanəgahın daş yaddaşı – milli memarlıq irsinin izində"
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Hacıqabul rayon və Şirvan şəhər təşkilatlarının birgə təşkilatçılığı, Hacıqabul Rayon İcra Hakimiyyətinin və Hacıqabul Rayon Mədəniyyət Mərkəzinin dəstəyi, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun ev sahibliyi ilə “Xanəgahın daş yaddaşı – milli memarlıq irsinin izində” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ölkəmizin nadir memarlıq incilərindən olan “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.
Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən işlər bu sahədə tarixi ənənələrin yaşadılmasına və müasir yanaşmaların tətbiqinə töhfə verəcək: “Bu gün biz yalnız bir tarixi məkanı ziyarət etmirik, eyni zamanda Azərbaycanın memarlıq nümunəsi ilə təmasdayıq. Hacıqabul rayonu ərazisində, Pirsaat çayı sahilində yerləşən Pir Hüseyn xanəgahı Şirvan–Abşeron memarlıq məktəbinin ən nadir incilərindən biridir. Xanəgah sadəcə dini kompleks deyil, həm də dövrün şəhərsalma mədəniyyətinin mühüm mərkəzlərindən biri olmuşdur. Məscid, minarə, ziyarətgah və kərvansara tipli tikililərin vəhdəti əcdadlarımızın funksionallıqla estetik dəyərləri uzlaşdırdığını göstərir. Xüsusilə kaşı bəzəkləri və kitabələr orta əsr memarlıq sənətinin yüksək inkişaf səviyyəsini əks etdirir”.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, mühüm məqsədlərdən biri tarixi abidələri yalnız qorumaq deyil, həm də onları müasir şəhər mühitinə uyğun şəkildə inteqrasiya etməkdir: “Şəhərsalma və Memarlıq İli” gələcəkdə müasir şəhər konsepsiyalarının formalaşdırılmasını da zəruri edir. Xanəgahın qala divarları təhlükəsizlik və dayanıqlılığı simvolizə edir. Müasir dövrdə bu komponentlərin rəqəmsal texnologiyalara uyğunlaşırılması yeni şəhərsalma modelinin formalaşmasına xidmət edir”.
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov və “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun direktoru Məhərrəm Müslümov qeyd ediblər ki, müasir şəhərsalma prosesində beynəlxalq təcrübədən istifadə olunsa da, bununla yanaşı milli memarlıq ənənələri inkişaf etdirilir: “Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması bu istiqamətdə reallaşdırılan sistemli və məqsədyönlü siyasətin tərkib hissəsidir. Bu qərar memarlıq irsinin qorunmasına və müasir urbanistik yanaşmaların geniş tətbiqinə əlavə imkanlar yaradır”.
Tarixi ekskursiya muğam sədaları altında və milli çay süfrəsi ətrafında diskussiya ilə davam etdirilib.
