YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Samux rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bildirib ki, bu gün müstəqil və qüdrətli Azərbaycanın əldə etdiyi uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. O qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkəmiz möhkəm dövlətçilik əsasları üzərində inkişaf edib və bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və xalqına bağlılığı Azərbaycan gəncliyi üçün hər zaman örnəkdir. O qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası ölkənin tərəqqisində mühüm rol oynayır və bu siyasi məktəb uğurla davam etdirilir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə olunan tarixi Zəfər və Azərbaycanın ərazi bütövlüyünün bərpası Heydər Əliyev ideyalarının təntənəsidir.

Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Telli Nəsibova və digərləri Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və cəmiyyətin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin xalqımız üçün mühüm örnək olduğunu bildiriblər.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında keçirilən şahmat, bilik yarışı, inşa yazı və rəsm müsabiqələrinin qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Eyni zamanda, əmək fəaliyyətində fərqlənən partiya üzvlərinə fəxri fərman təqdim olunub, Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup gəncə isə üzvlük vəsiqələri verilib.

Tədbirin sonunda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin hazırladığı bədii proqram nümayiş olunub.