YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qəlblərdə yaşayan əbədi Lider”

Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatı və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qəlblərdə yaşayan əbədi Lider” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyev həyatının bütün mərhələlərində - təhlükəsizlik orqanlarında çalışdığı dövrdə, Azərbaycana rəhbərlik etdiyi illərdə, keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu vaxtlarda, Naxçıvanda fəaliyyət göstərdiyi ağır blokada şəraitində və yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin xilası naminə böyük fədakarlıqlar göstərib.

V.Əliyev qeyd edib ki, müasir müstəqil Azərbaycan Respublikası Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və xalqımıza bəxş etdiyi müqəddəs dövlətçilik əmanətinin nəticəsidir. O, Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyini, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu xüsusi vurğulayıb.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə əldə olunan nailiyyətlərdən, keçmiş məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün uğurla davam etdirilir və “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir.

Tədbirdə çıxış edən partiya fəalı Şahnaz Əliyev Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayaraq, ölkədə güclü ziyalı nəslinin formalaşmasında Ulu Öndərin mühüm rol oynadığını bildirib.

Partiya veteranı Dünyamin Əsədov isə çıxışında Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.