YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Kiçik ürəklər, böyük arzular”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və Azərsun Holdinqin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kiçik ürəklər, böyük arzular” adlı tədbir keçirilib.

Tədbir sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin eşitmə və nitq məhdudiyyətli şagirdlərinin jest dilində Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, “Azərsun Holdinq”in İnzibati təsərrüfat departamentinin şöbə müdiri Könül Bəkirova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və digərləri Azərbaycanda ailə və uşaq siyasətinin Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldığını, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Qeyd olunub ki, həyata keçirilən dövlət siyasəti nəticəsində uşaqların sosial rifahı, təhlükəsizliyi və hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılıb, bu sahədə bir sıra qanun və dövlət proqramları qəbul edilib. Eyni zamanda çıxışlarda Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın uşaqlara göstərdiyi xüsusi diqqət və qayğı yüksək qiymətləndirilib.

Çıxışlardan sonra uşaqların milli-mənəvi və vətənpərvərlik ruhunda yetişməsində, onların cəmiyyətə inteqrasiyasında və inkişafında fəal rol oynayan müəllimlərə təşəkkürnamələr təqdim olunub.

Daha sonra 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin kollektivi, Birgə və Sağlam İctimai Birliyinin Autizm Mərkəzinin “Mavi Ürəklər” inklüziv musiqi qrupu, Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyi nəzdində fəaliyyət göstərən Qayğı Reabilitasiya Mərkəzinin nümayəndələri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin “Günəş uşaqları” müxtəlif rəqs və musiqi nömrələri ilə çıxış edib, şeirlər səsləndiriblər.

Bayram proqramı çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Şənlik faceart bacarıqları, müxtəlif əyləncəli şou proqramlar və İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin tanınmış sənət nümayəndələrinin ifasında musiqi və rəqs nömrələri ilə davam edib. Balacaların sevimli nağıl və cizgi filmi qəhrəmanlarını canlandıran personajlar isə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıblar.