YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Müstəqillik Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov, şəhid atası Müqabil Məmmədov, partiya veteranı Gülnaz Alişanova və partiya fəalı Esmira Şıxməmmədova çıxış edərək 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində silinməz iz qoyub və gələcək müstəqilliyimiz üçün möhkəm zəmin yaradıb.

Natiqlər qeyd ediblər ki, Azərbaycanın müstəqilliyi 1993-cü ilə qədər ciddi təhlükələrlə üzləşmiş, məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz əsl müstəqillik və inkişaf yoluna qədəm qoymuşdur.

Çıxışlarda vurğulanıb ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub, beynəlxalq aləmdə nüfuzunu daha da artıraraq qlobal məsələlərin həllində söz sahibi olan dövlətə çevrilib.

Tədbirin bədii hissəsində partiya veteranları Cavanşir Rüstəm, Kazım Kazımlı və Qaratel Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri tərəfindən 28 May - Müstəqillik Gününə və Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda partiya veteranları və fəal üzvlər fəxri fərman ilə təltif olunub. Həmçinin partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.