YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın müstəqillik tarixinə yazılan şanlı Zəfər”

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatı tərəfindən Laçın rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbində “Azərbaycanın müstəqillik tarixinə yazılan şanlı Zəfər” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərdən və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bildirilib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma konsepsiyası əsasında genişmiqyaslı quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri salınır, yol, təhsil, səhiyyə və digər sosial infrastruktur layihələri icra olunur.

“Böyük Qayıdış” proqramının uğurla həyata keçirildiyi vurğulanaraq, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışının təmin edildiyi və azad edilmiş ərazilərin müasir yaşayış məkanlarına çevrildiyi diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən şəhid Nicat Abdullayevin anası Sara Abdullayeva, Laçın rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Günel Süleymanova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin tərbiyə işləri üzrə direktor müavini Şamama Əmirova, məktəbin ibtidai sinif müəllimi Nərgiz Nəcəfova və Musa Məmmədov Azərbaycanın müstəqillik yolu, şəhidlərin qəhrəmanlığı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ölkənin inkişaf strategiyası barədə fikirlərini bölüşüblər.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində qazanılan Zəfər təkcə hərbi qələbə deyil, eyni zamanda otuz ilə yaxın davam edən yurd həsrətinə son qoyan, milli qüruru bərpa edən və xalqın birliyini dünyaya nümayiş etdirən tarixi hadisədir. Bu qələbənin Azərbaycanın güclü dövlət, sarsılmaz ordu və həmrəy xalq kimi formalaşdığını bir daha təsdiqlədiyi qeyd olunub.

Tədbir çərçivəsində Laçın rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinə YAP Laçın rayon təşkilatı tərəfindən təşəkkürnamə təqdim edilib.

Sonda məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda hazırlanmış bədii proqram təqdim olunub.