YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqillikdən qüdrətli Azərbaycana”

Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı və Qubadlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillikdən qüdrətli Azərbaycana” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir YAP Qubadlı rayon təşkilatının Sumqayıt şəhəri, Şəfəq qəsəbəsində yerləşən ərazi partiya təşkilatlarının - Qubadlı şəhər 4 saylı tam orta məktəb, Dəmirçilər kənd tam orta məktəb, Hal kənd tam orta məktəb və Qubadlı rayon Mədəniyyət İdarəsinin iştirakı ilə təşkil olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi keçdiyi şərəfli tarixi yoldan bəhs edib. O qeyd edib ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Bildirilib ki, 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ağır tarixi sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub.

Təhmasib Rüstəmov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edən, beynəlxalq arenada nüfuzu artan və qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilib.

Daha sonra çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva qeyd edib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində böhrandan çıxaraq inkişaf yoluna qədəm qoyub. O, müasir müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilməsini və 28 May tarixinin 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq Qanunu ilə Müstəqillik Günü kimi təsbit olunmasını xüsusi vurğulayıb.

Çıxışda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməllərini yaradıb, Prezident İlham Əliyev isə həmin siyasi kursu uğurla davam etdirərək ölkəni qalib dövlətə çevirib. Onların fəaliyyəti nəticəsində Azərbaycan bu gün güclü və sabit inkişaf edən ölkə kimi tanınır.

Tədbirdə Qubadlı rayon Təhsil sektorunun müdiri Müşviq Hüseynov, Qubadlı şəhər 4 saylı tam orta məktəbin direktoru və ərazi partiya təşkilatının sədri Qənirə Həsənova, Dəmirçilər kənd tam orta məktəbin direktoru və ərazi partiya təşkilatının sədri Şahbaz Muradov, Hal kənd tam orta məktəbinin tarix müəllimi Tahirə Şahmarova və digər çıxışçılar 28 May - Müstəqillik Gününün xalqımızın tarixində mühüm və qürurverici hadisə olduğunu bildiriblər.

Çıxışlarda Prezident İlham Əliyevin “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik. Əminəm ki, müstəqillik yolunda inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq” fikirlərinin bu gün tam reallığa çevrildiyi vurğulanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.