Xəbərlər
“Müstəqilliyimiz dönməzdir, əbədidir”
Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bayraq Meydanında 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz dönməzdir, əbədidir” adlı tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov və YAP Kəngərli rayon əşkilatının sədri Sevda Quluyeva çıxış ediblər.
Çıxışlarda 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyü, xalqımızın dövlətçilik salnaməsində mühüm və əlamətdar mərhələ olduğu qeyd edilib. Bildirilib ki, müstəqilliyin bərpasının ilk illərində ölkədə mürəkkəb siyasi proseslər və çətin tarixi şərait yaşansa da, məhz Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb və möhkəmləndirilib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycanda sabitlik təmin olunub, dövlətçiliyin əsasları möhkəmləndirilib, ölkə davamlı inkişaf yoluna çıxıb. Bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın daha güclü, qüdrətli və qalib dövlət kimi inkişaf etdiyi vurğulanıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada nüfuzunu artırmış, regionda və dünyada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir.
Tədbir bədii hissə ilə davam edib. Məktəblilər və gənclər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub.
