YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyəti: demokratik ənənələrin təntənəsi

Səbinə Xasayeva

Milli Məclisin deputatı

1918-ci il mayın 28-də Tiflisdə Əhməd bəy Ağayevin, Mustafa Mahmudovun, Fətəli xan Xoyskinin, Xəlil bəy Xasməmmədovun, Nəsib bəy Yusifbəyovun, Nəriman bəy Nərimanovun və başqalarının imzaladığı "İstiqlal Bəyannaməsi" qəbul olundu, yeni bir dövlət yarandı: Azərbaycan Demokratik Respublikası. Bu bəyannamə müstəqil Azərbaycanın dünyaya ilk rəsmi müraciəti oldu. Azərbaycan Demokratik Respublikası şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası idi.

Azərbaycan Demokratik Respublikası hökuməti şəraitə görə əvvəlcə Tiflisdə fəaliyyət göstərdi, sonra Gəncəyə köçürüldü. "İstiqlal Bəyannaməsi"ndə müstəqil Azərbaycan dövlətinin yarandığı bildirilmişdi, onun hakimiyyətinin əhatələdiyi ərazinin hüdudları – sərhədləri müəyyənləşdirilmişdi, bu hüquqi və siyasi sənəddə dövlətin əsas prinsipləri göstərilmişdi, demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, xalqların və insanların milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq hamının azad yaşaması üçün şərait yaradıldığı, hakimiyyətin bölünməsi prinsiplərinin əsası olduğu, Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaradacağı bildirilirdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etdiyi haqqında  dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqramla məlumat verildi.

Azərbaycan Xalq Cümhuriyyətinin ali hakimiyyət oqranı Nazirlər Şurası idi. Bu Şura parlament qarşısında məsuliyyət daşıyırdı.  Azərbaycan Demokratik Respublikasında bütün dövlət təsisatları yaradılmışdı. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilmişdi, ölkənin sərhədləri müəyyənləşdirilmişdi, dövlətin bayrağı, dövlətin himni, dövlətin gerbi yaradılmışdı, Azərbaycan dili dövlət dili elan edilmişdi, ordu yaradılmağa başlamışdı, ordu quruculuğu istiqamətində əhəmiyyətli tədbirlər görülürdü, dövlət maarifin, təhsilin, mədəniyyətin inkişafına ciddi diqqət yetirirdi, Azərbaycanın ilk universiteti təsis edilmişdi. Bu, dövlətin dünyəvi dövlət olmasını gerçəkləşdirəcəkdi.

Azərbaycan Demokratik Respublikasının yaranması xalqın azadlıq, müstəqillik mübarizəsinin məntiqi nəticəsiydi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".

Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm işlər görüldü. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin həyata keçirilməsində əsaslı rol oynadı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Buna mərhələlərlə nail olundu, Paris Sülh Konfransında müttəfiq dövlətlər Azərbaycan Xalq Cümhuriyyətini tanıdı.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirirdi. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi, az sonra universitet yaradıldı. 1918-ci il mayın 28-də Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi təsis edildi, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olundu.

1920-ci il aprelin 28-də rus imperiyası Azərbaycanı ilhaq etdi, Azərbaycan Demokratik Respublikası süquta uğradı. İmperiya xalqın mübarizə əzmini ilhaq edə bilməzdi. Mübarizə davam edirdi. SSRİ hökumətinin siyasi qadağalarına baxmayaraq xalq dövlətçiliyini bərpa olunması üçün mübarizə aparırdı. İlk vaxtlar gizlin başlayan, getdikcə aşkarlaşan bu mübarizə mətinləşirdi.

Şərqin ilk demokratik cümhuriyyətini süquta yetirən imperiyanın başçısı Məmməd Əmin Rəsulzadədən soruşub ki, "Bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?". Cavab tarixi gerçəkliyin ifadəsi kimi səslənib: "Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz".

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Soveti 1991-ci il avqustun 30-da Bəyannamə qəbul etdi, bunun əsasında 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı xalqın müstəqillik mübarizəsinin labüd nəticəsiydi. Bu siyasi dövlətçilik sənədi 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuşdu, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdi. Azərbaycan Demokratik Respublikasının dövlətçilik atributları bərpa olundu.

Müasir Azərbaycan dövlətçiliyinin formalaşması böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Azərbaycan dövlətçiliyini qoruya bildi, dövlətin beynəlxalq təsisatlarda təmsil olunmasını təmin etdi, Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasına əsaslı zəmin yaratdı, xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytardı, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə, yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Prezident İlham Əliyev böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdi, indi də uğurla davam etdirir. İndi Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətdir. Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalandı. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olundu, 2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Prezident İlham Əliyev qeyd edib: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.

Dünya dövlətləri Azərbaycan Demokratik Respublikasının varisi olan müasir Azərbaycan Respublikasının yüksək siyasi nüfuza malik olduğunu etiraf edir. Ulu Öndər Heydər Əliyevin bir kəlamı Azərbaycan dövlətçiliyinin yaşam düsturudur: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.