Xəbərlər
"Azərbaycan güclənir, beynəlxalq nüfuzu artır"
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı tərəfindən 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 28 May - Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə mühüm yer tutduğunu vurğulayaraq bildirib ki, xalqımızın müstəqillik arzuları Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənir, beynəlxalq nüfuzu artır və müstəqil siyasətini uğurla davam etdirir.
Tədbirdə çıxış edən partiya veteranı, Çuxur Qəbələ ərazi partiya təşkilatının sədri Abdulla Kərimov Azərbaycanın keçdiyi çətin və şərəfli mübarizə yolundan bəhs edib. O bildirib ki, ölkəmizin əldə etdiyi uğurlar xalq-iqtidar birliyinin nəticəsidir və Azərbaycan bundan sonra da Ümummilli Liderin ideyaları əsasında inkişafını davam etdirəcək.
Partiya fəalı Esmira Əsədova isə çıxışında 28 Mayın xalqımızın milli qürur və birlik günü olduğunu qeyd edib. O, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyindən danışaraq müstəqilliyimizin qorunmasının hər bir azərbaycanlının müqəddəs borcu olduğunu vurğulayıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
