YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqilliyimiz Milli Sərvətimizdir”

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz Milli Sərvətimizdir” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan etməklə xalqımızın azadlıq və müstəqillik əzmini bütün dünyaya nümayiş etdirib. O qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratik ənənələrin formalaşmasına mühüm töhfələr verib. Həmin dövrdə ilk parlament və hökumət yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınması və milli maraqların müdafiəsi sahəsində əhəmiyyətli işlər görülüb.

O vurğulayıb ki, xarici müdaxilələr, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb və xalqımız yalnız 70 ildən sonra yenidən müstəqilliyinə qovuşa bilib. O bildirib ki, 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə ölkəmiz dövlət müstəqilliyini bərpa edib. Vasif İmanov qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan ciddi siyasi və iqtisadi böhran, vətəndaş qarşıdurması və separatizm təhlükələri ilə üzləşmişdi. Məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, dövlətçiliyin əsasları möhkəmləndirilib və inkişafın təməli qoyulub. Bildirilib ki, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevinc Məlikzadə qeyd edib ki, 28 may 1918-ci ildə mürəkkəb siyasi-hərbi şəraitdə Azərbaycan xalqı Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli-vətənpərvərlik ruhunun, azadlıq və müstəqillik ideallarının formalaşmasında mühüm rol oynayıb. Sevinc Məlikzadə bildirib ki, üçrəngli dövlət bayrağımız ilk dəfə rəsmi şəkildə Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qaldırılıb və bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik dayaqları daha da möhkəmləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycanın üçrəngli bayrağı dünyanın ən mötəbər beynəlxalq platformalarında ölkəmizin gücünü və milli birliyini nümayiş etdirir.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa edən Azərbaycan öz suverenliyini qoruyub saxlamağa nail olub. O qeyd edib ki, mürəkkəb siyasi və iqtisadi şəraitdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin təmin olunması və ölkənin inkişafı istiqamətində qətiyyətli addımlar atıb. Emil Abasov vurğulayıb ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha böyük məsuliyyət tələb edir. O əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və daxili çəkişmələr nəticəsində yaranmış ağır şəraitdə xalqın çağırışı ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin xilaskarı olub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, siyasi, iqtisadi və sosial islahatlar uğurla davam etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.