Xəbərlər
Dövlətçilik salnaməmizin parlaq səhifəsi
Göygöl rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli ”çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə “Dövlətçilik salnaməmizin parlaq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev, TİAHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Peşə məktəbinin direktoru Kəmalə Nəhmədova, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, təhsil işçiləri, QHT nümayəndələri və YAP fəalları iştirak etmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər il bu bayramın ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdıraraq, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb, xalqımızın və dövlətimizin bu günə gəlib çatmasının əsasında məhz Heydər Əliyev şəxsiyyətinin dayandığını və onun nurundan yaranmış Yeni Azərbaycan Partiyasının çox böyük rolunun olduğunu bildirib.
Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə İbrahimova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açmış, müasir Azərbaycanın regionun güc mərkəzinə çevrilməsindən bəhs etmiş, aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələrini əhatə etməklə, yeni-yeni uğurlara imza atıldığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirərək qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxmışdır. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir.
Göygöl TİAHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev “Dövlətçilik salnaməmizin parlaq səhifəsi” mövzusunda geniş məruzə ilə çıxış etdikdən sonra Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Gəncə-Daçkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, İcra Hakimiyyətinin əməkdaşı Əfsanə İsayeva, Partiya fəalı Aytac Abbasova çıxış edərək müstəqillik tariximizdən danışmış, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınmasından, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasətdən və qazanılmış uğurlardan söhbət açmış, Azərbaycan dövlət müstəqilliyinin bir daha heç vaxt əldən verilməyəcəyini, müstəqilliyimizin əbədi olacağını əminliklə bildirmişlər.
Bütün çıxış və nitqlərdə müstəqilliyimizin əldə olunmasında əməyi olan şəxslər hörmətlə xatırlanmış, bu günkü Qüdrətli Azərbaycan Dövlətinin mövcudluğunda Ulu Öndərin rolu xüsusi olaraq vurğulanmış, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
Tədbirin sonunda müstəqillik tariximizə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
