Xəbərlər
Tərtərdə İnsan Hüquqları Günü münasibətilə tədbir təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 İyun - İnsan Hüquqları Günü münasibətilə tədbir təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən RİH başçısının birinci müavini Elvin Umudov insan hüquqlarının ləyaqət, azadlıq və bərabərlik kimi ali dəyərləri özündə ehtiva etdiyini, hüquqi və demokratik dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayıb.
Qeyd olunub ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə hüquqi və institusional bazanın formalaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun təşəbbüsü ilə 1998-ci ildə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul edilib.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 İyun - İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu gün ölkədə insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və sosial ədalətin gücləndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov 18 İyun tarixinin ölkənin müasir tarixində xüsusi əhəmiyyət daşıdığını, insan hüquqlarının qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsəgərov və Heydər Əliyev Mərkəzinin əməkdaşı Mərziyyə Əmirxanlı insan hüquqlarının müdafiəsinin təkcə dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu vurğulayıblar. Bildirilib ki, hüquqlara hörmət, qarşılıqlı anlayış və həmrəylik daha ədalətli və humanist cəmiyyətin formalaşmasına xidmət edir.
