Xəbərlər
Azərbaycanın sülh təşəbbüsləri regionun gələcəyini formalaşdırır
“Bu gün Cənubi Qafqaz tarixi dönüş nöqtəsindədir. Uzun illər münaqişələrin, siyasi gərginliyin və qarşılıqlı etimadsızlığın hökm sürdüyü region artıq əməkdaşlıq, iqtisadi inteqrasiya və sabit inkişaf imkanları ilə üz-üzədir. Dünya miqyasında nəqliyyat marşrutlarının və ticarət əlaqələrinin yenidən formalaşdığı bir dövrdə Cənubi Qafqazın strateji əhəmiyyəti daha da artır. Məhz buna görə də bölgədə yaranmış yeni reallıqların düzgün qiymətləndirilməsi və davamlı sülhün təmin olunması gələcək inkişaf üçün həlledici əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi siyasət göstərir ki, regionun rifahı yalnız qarşıdurma səhifəsinin bağlanması və əməkdaşlıq mühitinin möhkəmləndirilməsi ilə mümkündür”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda yeni təhlükəsizlik arxitekturası da qurulur. 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi də bunun göstəricisidir. Bu sənəd həm də, Milli Qurtuluş Günündə imzalanması ilə əlamətdardır. 2022-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin ildönümünə həsr olunan tədbirlərin 30 ilə yaxın işğal altında qalsa da, öz ruhunu itirməyən Şuşa şəhərində keçirilməsi xüsusi mənəvi, siyasi və ideoloji məna daşıyır. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın həmrəyliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində hərbi-siyasi əsarətdən azad olunan Şuşa yalnız Azərbaycanın deyil, türk və İslam dünyasının mədəniyyət mərkəzlərindən biri kimi bəşər sivilizasiyasının qiymətli xəzinəsidir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Heydər Əliyev siyasətini əxlaqi-mənəvi dəyərlərə, milli maraqlara və dövrün çağırışlarına uyğun zənginləşdirərək müvəffəqiyyətlə davam etdirməsi xalqımıza misilsiz nailiyyətlər və möhtəşəm Zəfər qazandırıb.
Millət vəkilinin sözlərinə görə, hazırda Azərbaycan zəngin dövlətçilik tarixinin ən şanlı mərhələsini yaşayır. Üçrəngli bayrağımızın qürurla dalğalandığı işğaldan azad edilmiş bütün ərazilərimiz, o cümlədən Şuşa dirçəliş dövrünə qədəm qoyub. Şuşada keçirilən budəfəki konfransın da mövzusu müasir beynəlxalq münasibətlər sisteminin son dərəcədə aktual məsələlərini özündə ehtiva edirdi. “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda həsr olunmuş beynəlxalq konfransda türk dövlətləri, MDB, Avropa, Yaxın Şərq və Asiya ölkələrindən nüfuzlu qonaqların iştirakı tədbirin önəmindən xəbər verir.
Prezident İlham Əliyevin beynəlxalq konfrasın iştirakçılarına ünvanladığı müraciətdə vurğulandığı kimi, Azərbaycanın təşviq etdiyi regional sülh və sabitlik mühitinin yaradılması ideyasının vacib tərkib hissəsinə çevrilən konfransın iştirakçılarının sayının ilbəil artması onun ümumi təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa gələcəkdə layiqli töhfələr verəcəyinə əminlik yaradır. Dövlət başçısı müraciətində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra işğala, beynəlxalq təhdidlərə və ədalətsizliyə məruz qaldığını xatırladaraq Azərbaycanın hər zaman öz ərazi bütövlüyünün təmin olunması, vətəndaşlarının təhlükəsiz şəraitdə yaşaması uğrunda mübarizə apardığını, eyni zamanda dünya ölkələri arasında əməkdaşlıq və mehriban dostluq münasibətlərinin qurulmasına çalışdığını bəyan edib. “Uzun illər əsarət altında qalan torpaqlarımız 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan işğalından azad edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bununla, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalmış qətnamələrinin icrası Azərbaycan dövlətinin özü tərəfindən təmin edilmişdir”, - deyə müraciətdə vurğulanıb.
Cənab Prezident müraciətində ölkəmizin regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdə olduğunu diqqətə çatdırıb. Ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişib. Bu xüsusda, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.
Pərvin Kərimzadə qeyd edib ki, dünyanın mürəkkəb geosiyasi transformasiyalar dövrünü yaşadığı bir zamanda regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq məsələləri beynəlxalq siyasi gündəliyin mərkəzində dayanır. Qlobal güc balansında baş verən dəyişikliklər, regional münaqişələr, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar, iqlim dəyişiklikləri, kiber təhdidlər, iqtisadi-ticari və kommunikasiya marşrutları uğrunda gərgin rəqabət beynəlxalq münasibətlərin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Bu gün təhlükəsizlik anlayışı yalnız hərbi amillərlə ölçülmür. Enerji, nəqliyyat-logistika, ekoloji, humanitar və rəqəmsal təhlükəsizlik məsələləri də qlobal sabitlik konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. Bu xüsusda Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət daha ədalətli dünya nizamının bərqərar olmasına istiqamətlənib.
Deputat deyib ki, yeni dünya nizamına transformasiya fonunda regional və qlobal təhlükəsizliyin təmin edilməsində partiya diplomatiyasının rolu getdikcə artır. Çünki müasir dövrdə siyasi partiyalar təkcə daxili siyasi institutlar deyil, həm də xalqlar arasında etimadın formalaşmasına, dialoqun təşviqinə və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verirlər. “Yeni Azərbaycan Partiyası da bu baxımdan, beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir. YAP hazırda bir sıra xarici ölkələrin nüfuzlu siyasi təşkilatları ilə əməkdaşlıq etməklə yanaşı beynəlxalq səviyyədə partiya platformalarında da fəal təmsil olunur. Bu konttekstdə, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransın keçirilməsi xüsusi önəm kəsb edir. Konfransda iştirak edən xarici ölkələrin nüfuzu siyasi xadimləri də çıxışlarında bu tədbirin əhəmiyyətini və partiyaların dünyada gedən siyasi proseslərdə önəmini xüsusi vurğulaması da Yeni Azərbaycan Partiaysının zamanın çağırışlarına uyğun səmərəli fəaliyyət göstərməsinin ifadəsidir” – deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.
