Xəbərlər
Beyləqanda Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə gənclər arasında milli vətənpərvərlik ruhunun daha da gücləndirilməsi məqsədilə Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyətin aradan qaldırılması və dövlətçiliyin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə mümkün olub. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə ordu quruculuğu sahəsində mühüm addımlar atılıb və 26 İyun - Silahlı Qüvvələr Günü məhz bu tarixi inkişaf prosesinin mühüm nəticələrindən biri kimi təsis edilib.
Müşfiq Səfərov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan dövlətçiliyinin qüdrətini bütün dünyaya nümayiş etdirib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub, xalq-ordu birliyi isə qələbənin əsas təminatına çevrilib.
Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biri olmaqla yanaşı, gənc nəsildə milli qürur və vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır. Bildirilib ki, bu tarixi Zəfərin hərtərəfli öyrənilməsi və gələcək nəsillərə çatdırılması vacib əhəmiyyət daşıyır.
Beyləqan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Heybət Əliyev, Beyləqan Peşə məktəbinin direktor müavini Sənani Umudov və Beyləqan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Lalə Həmidova çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və xalqımızın birliyindən danışıblar.
Sonra qazilərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
