YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq əməkdaşlığa töhfə

Zamir Güvəndiyev

YAP Şəmkir rayon təşkilatının sədri

Azad Qarabağ növbəti dəfə Şuşa Qlobal Media Forumuna ev sahibliyi etdi. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev tədbir  iştirakçılarının suallarını cavablandırdı. Qeyd edək ki, Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak etdi. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Təbii ki, bu, Forumun əhəmiyyətini təsdiqləyən əsas göstəricilərdən biridir. Forumun hər il seçilən mövzuları qlobal informasiya gündəmini müəyyənləşdirən ən aktual məsələləri əhatə etməklə yanaşı, müasir medianın inkişaf istiqamətlərini və onun qarşısında duran əsas çağırışları əks etdirir.

Dövlət başçısı İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında günümüzün əsas çağırışlarını bir daha diqqətə çatdıraraq onların həyata keçirilməsi istiqamətində görülən və görüləşək işlərdən, qlobal problemlərin həllində birgə səylərin vacibliyindən, ədalət və beynəlxalq hüquq prinsiplərinin qorunmasından, sülh quruculuğu prosesindən və  sair kimi məsələlərdən geniş bəhs etdi. Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsindən, 30 illik işğal dövrünün reallıqlarından, tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından, onların yaratdığı  yeniliklərdən bəhs etməsin. Reallıq budur ki, artıq bir ilə yaxındır sülh şəraitində yaşayırıq. Tarixi Zəfərimizdən  sonra Azərbaycan regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək üçün Ermənistana sülh təklifini etdi və buna nail olmaq üçün  bütün zəruri addımları atdı, üzərinə düşən  öhdəlikləri yerinə yetirdi. Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin  avqust ayında ABŞ-a işgüzar zamanı bütün bu addımların yekunu olaraq sülh razılaşmasının əldə edilməsi tariximizə uğurlu səhifə kimi yazıldı. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda son bir ilin reallıqları fonunda bu qürurverici məqamları xüsusi diqqətə çatdırdı.

Prezident Donald Trampın sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir lider olduğunu xüsusi vurğulayan cənab İlham Əliyev bildirdi ki, bəli, ABŞ Prezidentinin bu günə qədər və bugünkü yanaşması ilə ondan əvvəlki administrasiyaların siyasəti arasında çox ciddi fərq var idi və bu fərq bu gün də özünü göstərir. Təəssüf ki, təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in ozamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onlar tam sinxron şəkildə fəaliyyət göstərirdi və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi. Bizim məsələdə Prezident Donald  Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Donald Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu.

Dövlətimizin başçısı İlham Əliyev onu da vurğuladı ki, Prezident Donald Tramp mənim iştirakımla məhdudiyyətlərin və sanksiyaların tətbiqini müvəqqəti dayandıran sənədi imzaladı. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar. Eyni zamanda, altı ay ərzində Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması məqsədilə Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutan sənədi də imzaladıq.Məhz altı ay ərzində bu iş başa çatdırıldı. Mənim təcrübəmdə ilk dəfə idi ki, ABŞ rəsmiləri verdikləri sözə bu qədər dəqiqliklə əməl edirdilər. Beləliklə, avqust ayından fevral ayınadək bütün proses uğurla tamamlandı və daha sonra Vitse-prezident Vens Bakıya səfər etdi. Həmin səfər zamanı biz Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq: “Bu, həqiqətən də heyrətamiz idi. Buna inanmaq çətin idi. Bu, uzun illər yalnız arzulaya biləcəyimiz bir hadisə idi. Biz hər zaman Amerika Birləşmiş Ştatları ilə yaxşı münasibətlər qurmaq istəmişik. Lakin erməni lobbisinin təsiri, mövcud stereotiplər, Azərbaycan barədə yanlış təsəvvürlər və ölkəmizin imkanlarının lazımi səviyyədə qiymətləndirilməməsi buna mane olurdu”.

Prezident Donald Tramp tamamilə  fərqli baxışlara malikdir. O, sülhü arzulayır və sülhü yeni imkanlar yaradan bir amil kimi görür. Bu gün isə Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Hazırda Prezident Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizə öz adını verib – TRIPP. TRIPP layihəsi regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın sülh təcrübəsini əsaslı şəkildə diqqətə çatdırdı. Atılan bütün addımların əsasında təbbi ki, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz dayandı. Heş vaxt torpaqlarımızın işğalı ilə barışmadıq. Azərbaycan dövləti ən yüksək tribunalardan  bəyan etdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük antiterror tədbirləri Azərbaycanın bütün sahələrdə imkanlarını dünyaya təqdim etdi. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Dövlət başçısı İlham Əliyev Forumda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən  bəhs etdi.

2023-cü ildən başlayaraq Şuşa Qlobal Media Forumu tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqların dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Builki Forumda sülhün təşviqində medianın missiyasına xüsusi diqqət yönəldildi, etimad mühitinin bərpasının və qorunmasının vacibliyi geniş təhlil olundu. Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə dialoqa, beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini və bunu töhfələri ilə təsdiqlədiyini nümayiş etdirir.