Xəbərlər
Yasamalda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Yasamal Rayon Şəhidləri Xatirə Kompleksi ziyarət olunub, şəhidlərin əziz xatirəsi yad edilib. Daha sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev və Vətən müharibəsi qazisi,mayor Elvin Əliyev çıxış ediblər.
Çıxışlarda Azərbaycanın müasir dövlətçilik tarixində ordu quruculuğu siyasətinin Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğu bildirilib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsi müstəqil Azərbaycanın gələcəkdə güclü ordusunun formalaşdırılması üçün mühüm zəmin yaradıb.
Ulu Öndərin müstəqilliyin ilk illərində xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra nizami və güclü Milli Ordunun yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası gücləndirilib, ordunun döyüş qabiliyyəti və peşəkarlığı daha da artırılıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunmasını təmin edib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
