Xəbərlər
“Zəfərə gedən yolun qəhrəmanları”
27 Sentyabr - Anım Günü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər-Ağdərə rayonları üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Zəfərə gedən yolun qəhrəmanları” adlı inşa-yazı müsabiqəsi keçirilib.
Müsabiqənin ilk mərhələsi məktəblərdə, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində təşkil olunub. Yekun mərhələdə rayonun 47 ümumtəhsil məktəbindən 41 şagird iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova və YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev çıxış edərək Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, ölkəmizdə həyata keçirilən ordu quruculuğu siyasətindən və Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqdan danışıblar.
Daha sonra Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova müsabiqənin şərtləri barədə iştirakçılara məlumat verib və müsabiqəyə start verilib.
Müsabiqənin nəticələrinə əsasən I, II və III yerlərin sahibləri Tərtər Rayon İcra Hakimiyyəti və YAP Tərtər rayon təşkilatı tərəfindən diplomlarla təltif olunacaqlar.
