Xəbərlər
Partiya veteranın yubileyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyəti ilə seçilən, partiya veteranı Oktay Ərəstun oğlu Kərimovun 75 illik yubileyi qeyd olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev yubilyarın mənalı ömür yolundan və ictimai-siyasi fəaliyyətindən danışıb. O qeyd edib ki, Oktay Kərimov uzun illər müxtəlif məsul vəzifələrdə dövlətə və xalqa sədaqətlə xidmət edib, YAP Neftçala rayon təşkilatının yaradıcılarından biri olub və 1999-2006-cı illərdə təşkilata rəhbərlik edib.
Onun Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliğində, rayon təşkilatının ictimai nüfuzunun möhkəmləndirilməsində xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, Oktay Kərimov bu gün də partiya veteranı kimi təşkilatın fəaliyyətində yaxından iştirak edir, öz dəyərli məsləhət və tövsiyələrini bölüşür.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Oktay Kərimovu 75 illik yubileyi münasibətilə təbrik edib. O, yubilyarın dövlət idarəçiliyi sahəsindəki fəaliyyətindən, Neftçalanın təhsil, səhiyyə və mədəni həyatının inkişafına verdiyi töhfələrdən danışıb.
Sonra Neftçala Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, partiya veteranı Cahangir Abdullayev, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva, Aşağı Surra kənd tam orta məktəbinin tarix müəllimi Firdovsi Tağıyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin sədri Könül Məmmədova və yubilyarın oğlu Babək Kərimov çıxış ediblər.
Sonda Oktay Kərimov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu söyləyib.
