YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni sənaye mərhələsi: dağ-mədən sektorunda böyük hədəflər

Ramid Namazov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi bu sahənin ölkə iqtisadiyyatı üçün xüsusi önəm daşıdığını təsdiqləyir.

Dövlət başçısının qeyd etdiyi kimi, dağ-mədən və metallurgiya sənayesi qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır və çox perspektivli sahədir. Bu sahələr iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Ötən illərdə həyata keçirilən dövlət proqramları çərçivəsində ən zəruri infrastrukturlar qurulub, qaz və elektrik enerjisi təminatı həll edilib, sosial infrastrukturla bağlı layihələr – xəstəxana tikintisi, məktəb tikintisi, avtomobil yolları, dəmir yolları, hava limanları uğurla icra olunub. Nəticədə bu layihələr bölgələrdə iqtisadi fəaliyyət üçün əsaslı infrastruktur təminatlarını yaradıb, eyni zamanda, qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayıb.

Yeni iqtisadi dövrdə inkişafın əsas sütunu kimi qeyri-neft sektoru çıxış etməkdədir və 8 ayda həmin sektorda 5,4 faizlik artım qeydə alınıb. Bu sahədə dayanıqlı inkişafın dominant güclərindən birinə çevrilən qeyri-neft sənayesi isə daha ümidverici perspektivlər vəd edir. Məhz bu kontekstdən yanaşdıqda, qeyri-neft sənayesinin əsas bölmələri olan dağ-mədən və metallurgiya sahələri gələcək iqtisadi inkişafın potensial güc sektorları deməkdir.

Reallıq ondan ibarətdir ki, ötən illərdə dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə arzulolunan səviyyədə inkişaf etməyib, mühüm səbəblərdən biri isə Ermənistanın uzunillik işğalı nəticəsində zəngin təbii resurslarımızın talan edilməsi olub. Eyni zamanda, sovet dövründə prioritet sahə neft sənayesi sayıldığından dağ-mədən sektorunda geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb. Hazırda isə həmin yataqlar öz geoloji kəşfiyyatını gözləyir.

Bütün bunlara baxmayaraq, dövlətimiz son illərdə aparılan qiymətləndirmələr əsasında alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsaslarını formalaşdırıb, xüsusilə də “AzerGold” QSC vasitəsilə nəcib və əlvan metal yataqları üzrə sənaye hasilatı təşkil edilib, Daşkəsən və Gədəbəydə filiz emalı müəssisələrinin modernləşdirilməsi həyata keçirilib.

Hazırda aparılan geoloji tədqiqatlar və əldə olan məlumatlar isə hasilat zonalarının ərazisinin daha da genişlənəcəyinə böyük əminlik yaradır. Bu tədqiqatlar üzrə ilk növbədə, azad edilmiş ərazilərdə – Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarının tezliklə işə salınması ön planda dayanır.

Artıq Ağdərədə işlərə başlanılıb, bölgədə digər mövcud yataqların müasir geoloji üsullarla ehtiyatlarının tam dəqiqləşdirməsi həyata keçiriləcək. Digər perspektivli bölgə olan Naxçıvanda da geoloji kəşfiyyat işləri yenidən təşkil ediləcək. Balakəndə yerləşən “Filizçay” polimetal yatağı da yeni resurs sahəsi kimi diqqət mərkəzindədir. Habelə yeni təsis edilmiş Qərb Sənaye Parkı da dağ-mədən sənayesinin inkişafı üçün ən əlverişli sahələrdən biridir.

Metallurgiya sənayesinin inkişafı qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcminin artmasında və ixracda ən perspektivli bölmələrdən biri kimi diqqətdədir. Alüminium istehsalı bu sektorda liderliyini qoruyur və yeni proqram əsasında istehsalın 100 min tona çatdırılması nəzərdə tutulur.

Dağ-mədən və metallurgiya sənayesində kəşfiyyat-hasilat-emal zənciri dövlət xətti ilə, yəni “AzerGold”un fəaliyyəti ilə bərabər, özəl sektorun iştirakı ilə təmin edilməklə, daha səmərəli nəticə əldə edilməsinə imkan verir. Ona görə də dövlətin tənzimləyici və dəstəkləyici rolu sayəsində həm dövlət, həm də özəl sektorun investisiya imkanlarından geniş istifadə olunacaq. Bu sahələr yüksək maliyyətutumlu bölmələr olduğundan digər investorların, xüsusilə də xarici sərmayəçilərin cəlb edilməsinə ehtiyac var. Cənab Prezident Proqramın maliyyə təminatına toxunarkən yerli və xarici investorlara Azərbaycanda sərmayə iqliminin münbit, qapıların onlara açıq olduğu mesajını verdi.

Yeni Dövlət Proqramının icrası ölkəmizdə dağ-mədən və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zəncirinin qurulması, filiz və metallurgiya məhsullarının ixrac potensialının artırılmasında yeni mərhələ açmış olacaq. Proqram xarici investorların irihəcmli kapital axınlarına yol açmaqla, çoxmilyardlı hasilat sənayesinin formalaşmasına imkan yaradacaq. Dağ-mədən sənayesi həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır, yaradılacaq yeni sənaye qollarında beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur ki, bu da, sosial xarakterli sektor kimi əhəmiyyətini əks etdirir. Xüsusilə də, Qarabağın və Şərqi Zəngəzurun inkişafı ilə yanaşı, məşğulluğun artırılmasına töhfə verəcək.

Proqramın təsiri təkcə dağ-mədən və metallurgiya sektoru ilə məhdudlaşmayacaq. İstehsal çoxaldıqca yükdaşımalar və logistika xidmətlərinə tələb artacaq, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yaranacaq. Yerli xammal və yarımfabrikat bazasının genişlənməsi yeni sənaye sahələrinin formalaşmasına şərait yaradacaq. İxtisaslı kadrlara olan tələbat texniki bilik və bacarıqların inkişafını sürətləndirəcək, elmi potensialımıza töhfə verəcək. Ən əsası isə regionlarda məşğulluq və iqtisadi fəallıq artacaq.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, Orta Dəhliz üzərində yerləşməsi isə sənaye ixracının böyüməsi, eləcə də, qlobal bazarlarda sənaye dövləti kimi imkanlarını artırması üçün dayanıqlı təminatlar yaradır.

Prezidentin müşavirədə verdiyi tapşırıqlar sözügedən Dövlət Proqramında nəzərdə tutulan hədəflərə çatmağa, dağ-mədən və filizçıxarma sənayesinin iqtisadi inkişafda rolunun daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.