Xəbərlər
Təbii sərvətlər xalqın gələcək rifahının rəhnidir
Əli Hüseynli
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş 22 sentyabr 2026-cı il tarixli müşavirədə çıxışında səsləndirilən tezislər ilk növbədə Dövlət Proqramının əsas hədəflərini əhatə edir. Bu toplantı ölkənin sənaye siyasətində mühüm istiqamətlərdən birinin qarşıdakı illər üçün prioritetlərini müəyyənləşdirdi. Dövlət başçısının vurğuladığı məqamlar Azərbaycanın mineral resurs potensialından daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişaf etdirilməsi, yüksək əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsi, ixrac imkanlarının artırılması və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məsələlərinə xüsusi diqqət yetirildiyini göstərir.
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesini ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından perspektivli sahə kimi xarakterizə edib. Bu yanaşma sənaye layihələrinin yalnız istehsal göstəricilərinin artırılmasına deyil, həm də yeni infrastrukturun yaradılmasına, məşğulluğun genişləndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Burada dağ-mədən sənayesində tam istehsal zəncirinin yaradılması əsas məsələlərdən biri kimi təqdim edilib. Bu, filizin hasilatı ilə məhdudlaşmayan, onun zənginləşdirilməsi, pelet və briketləşdirilmiş dəmir istehsalı, daha sonra isə metallurgiya məhsullarının hazırlanmasını əhatə edən mərhələli sənaye modelinin formalaşdırılması deməkdir. Belə yanaşma xammalın ilkin formada ixracı əvəzinə ölkə daxilində emal səviyyəsinin yüksəldilməsinə və daha çox əlavə dəyərin yaradılmasına imkan verə bilər.
Dövlət Proqramının əsas istiqamətləri sırasında dəmir filizi, alüminium, mis və qızıl xüsusi yer tutur. Proqram çərçivəsində yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, mövcud istehsal güclərinin artırılması və yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulur. əsas məqsəd daha çox xammal hasil etməkdən çox, xammalı ölkə daxilində daha çox emal etməklə yüksək əlavə dəyər yaratmaqdır.
Qarşıya qoyulan hədəflər də kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.
Prezidentin çıxışında dağ-mədən sahəsində ekoloji təhlükəsizlik məsələsi də xüsusi vurğulanıb. Cənab İlham Əliyev təbii sərvətlərlə yanaşı, Azərbaycanın təbiətinin qorunmasının əsas prioritetlərdən olduğunu bildirib və layihələr zamanı ekoloji ekspertizanın yüksək səviyyədə aparılmasının, ekoloji normalara ciddi əməl edilməsinin vacibliyini qeyd edib. Bu mövqe yeni sənaye layihələrinin iqtisadi səmərəliliklə yanaşı, ətraf mühitin mühafizəsi prinsipləri əsasında həyata keçirilməsinin zəruriliyini önə çıxarır.
Metallurgiya sənayesinin inkişafında alüminium istehsalının genişləndirilməsi də mühüm yer tutur. Dövlət Proqramının digər mühüm istiqaməti “Daşkəsən”, “Filizçay”, “Söyüdlü” və “Ortakənd” kimi strateji layihələrin həyata keçirilməsidir. Bu baxımdan “AzerGold”un fəaliyyətinin genişləndirilməsi də diqqət çəkən məsələlərdəndir.
Dövlət Proqramının regional inkişaf baxımından da əhəmiyyəti böyükdür. Yeni mədən və emal müəssisələrinin yaradılması nəqliyyat və logistika xidmətlərinə tələbatı artıra, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yarada, texniki ixtisaslara olan ehtiyacı genişləndirə bilər. Xüsusilə regionlarda yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın yüksəldilməsi proqramın sosial-iqtisadi nəticələri sırasında göstərilir.
Beləliklə, 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələ üçün çərçivə müəyyənləşdirir. Proqramda əsas diqqət mineral ehtiyatların hasilatından daha yüksək əlavə dəyərli məhsulların istehsalına keçidə, yerli sənaye zəncirlərinin qurulmasına, ixrac potensialının genişləndirilməsinə, investisiyaların cəlb edilməsinə və regionlarda iqtisadi fəallığın artırılmasına yönəldilir.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, qarşıdakı dövrdə dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın qeyri-neft sənayesinin mühüm istiqamətlərindən biri kimi inkişaf etdirilməlidir. Bu siyasətin əsas elementləri isə xammalın ölkə daxilində emalı, müasir texnologiyaların tətbiqi, ekoloji standartlara riayət, yeni sənaye müəssisələrinin yaradılması və rəqabətqabiliyyətli məhsulların istehsalının artırılmasıdır. Əsas hədəf isə ölkənin təbii sərvətlərinin xalqın yüksək rifahının təmin edilməsinə yönəldilməsidir. Bu siyasi kurs müşavirədən bir gün sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın ruhunda da öz əksini tapır.
