YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qüdrətli dövlət, sabit və dayanıqlı gələcək siyasətinin nümunəsi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında, ümumiyyətlə enerji sektorunun inkişafında ciddi əhəmiyyət kəsb edir. Bu stansiya təkcə energetika sahəsinin inkişafı deyil, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsi baxımından da mühüm addımdır. Azərbaycan dövləti milli təhlükəsizliyin təməl sütunlarından olan energetika sahəsində dayanıqlı və etibarlı sistem formalaşdıra bilib. Həm enerji təhlükəsizliyinin təmin olunması, həm də ixrac potensialının artırılması qarşıya qoyulan əsas prioritetlərdən biridir. Çünki son illərdə qlobal miqyasda enerji təchizatı və infrastrukturuna qarşı artan təhdidlər, risklər ölkəmizin bu sahədə çevik, effektiv addımlar atmasını şərtləndirir”.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, yeni stansiyanın istifadəyə verilməsi ölkəmizdə təbii qaz sərfiyyatını azaldacaq, ixrac imkanlarının genişləndirəcək: “1880 meqavat generasiya gücünə malik olan 8 Noyabr” ES  Azərbaycanın ən böyük elektrik stansiyasıdır. Ümumi enerji istehsal gücünün təxminən 20 faizini bu stansiyanın üzərinə düşəcək. Cəmi iki ilə yaxın bir zaman ərzində belə bir nəhəng layihənin başa çatdırılması həm Azərbaycan mühəndis məktəbinin, həm də ölkəmizin texniki və idarəetmə bacarığının yüksək səviyyədə olmasının göstəricisidir. Xatırladım ki, sovet dövründə belə bir gücə malik stansiya 7 ilə tikilib qurtarırdı. Azərbaycanın əsas ticarət tərəfdaşları olan İtaliya və Çin şirkətlərinin iştirakı ilə ərsəyə gələn stansiya bərpaolunan enerji sektoruna keçid üçün də mühüm imkanlar yaradır. Azərbaycan hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni mərhələnin başlanğıcı oldu. Səfər çərçivəsində bərpaolunan enerji sahəsində birgə layihələrin icrasının razılaşdırılması gələcək əməkdaşlığa zəmin yaratdı. Bu gün biz artıq bu əməkdaşlıqların real bəhrəsini görməkdəyik. 2030-cu ilə qədər Azərbaycanın 6500 meqavatlıq yaşıl enerji generasiya hədəfi ölkəni bu sahədə regional liderə çevirməyə imkan verəcək. Prezidentin qeyd etdiyi kimi, bu, ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, onun geosiyasi çəkisini də yüksəldəcək. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın gələcəyi, enerji təhlükəsizliyi üçün mühüm baza, qarantdır. İxrac potensialının artması, enerji sisteminin modernləşməsi, strateji tərəfdaşlarla münasibətlərin daha da möhkəmlənməsi davamlı inkişaf siyasətimizin əsas elementləridir. Azərbaycanın enerji diplomatiyası və daxili enerji siyasəti qarşılıqlı vəhdət təşkil edir və ölkəmizin beynəlxalq nüfuzunu artırır. “8 Noyabr” Elektrik Stansiyası qüdrətli dövlət, məqsədyönlü inkişaf, sabit və dayanıqlı gələcək siyasətinin nümunəsidir”.

M.Vəliyeva onu da qeyd edib ki, stansiyanın məhz “8 Noyabr” adlandırılması təsadüfi deyil və dərin simvolik məna daşıyır: “Bu tarix Azərbaycanın tarixinə əbədi həkk olunmuş Şuşa Zəfərinin günüdür. Bu addım təkcə mühəndislik layihəsinə ad vermək deyil, həm də milli qürur və qələbə ruhunun enerji ilə vəhdətidir. 44 günlük Vətən müharibəsində Azərbaycan hərbi və siyasi gücünü necə nümayiş etdirirdisə, bu gün eyni gücü enerji və iqtisadiyyatın digər sektorlarında da ortaya qoyulub. Biz qarşımıza qoyduğumuz məqsədlərə çata bilən, ən çətin maneələri aşa bilən, ən mürəkkəb problemləri həll edə bilən bir dövlətik, siyasi gücük. Əlbəttə ki, bu güc ağıllı və peşəkar siyasi liderin və onun ətrafında monolit komandanın olmasından qaynaqlanır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və ondan sonra atılan digər addımlar Azərbaycanın enerji təhlükəsizliyini təmin etdi, ölkəmizin regional gücə çevrilməsinə səbəb oldu. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də növbəti iqtisadi uğurlarımızdan biridir. Ötən il Azərbaycanın 200-ə yaxın ölkənin dəstəyi ilə COP29 iqlim konfransına ev sahibliyi etməsi bu sahədə mövcud imkanlarının, təcrübəsinin təqdimatı bu gün öz nəticəsini verməkdədir. Gələcəkdə Azərbaycanın enerji siyasəti sahəsində həm bərpaolunan, həm də ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması üçün davamlı tədbirlər görüləcək.  Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması bunu deməyə imkan verir. Azərbaycan regional enerji təhlükəsizliyinə töhfə verən möcüzəvi layihələrlə hər kəsi təəccübləndirməkdə davam edəcək”.

DİGƏR Xəbərlər Arxiv