Xəbərlər
İki dövlət arasında uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malikik

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan dünyanın müxtəlif coğrafi məkanlarında yerləşən əksər ölkələrlə yaxından əməkdaşlıq edir, dostluq münasibətləri qurur, qarşılıqlı faydalı münasibətləri inkişaf etdirir. Belə ölkələrdən biri də dost, qardaş, eyni soya, eyni kökə, eyni dinə mənsub olan Özbəkistandır.Bu baxımdan iyulun 2-də Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ olacaq. Səfər çərçivəsində həyata keçirilmiş tədbirlər, Bakıda “Özbəkistan” parkının təməlqoyma mərasimi, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni inzibati binasının açılışı və çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini də qeyd etməliyik. Özbəkistan 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra erməni işğalından azad edilmiş ərazilərin bərpasında Azərbaycana dəstək verən ölkələrdən biri olub.
Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib ki, Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.
Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik olan ölkəyə çevrilib.Son illər ərzində iki ölkə arasında ticarət münasibətləri yüksələn xətt üzrə artmaqdadır. Özbəkistan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Əsas ixrac məhsulları arasında kənd təsərrüfatı məhsulları, xammal və sənaye məhsulları yer alır.
Azərbaycan, Özbəkistanın müasir kənd təsərrüfatı məhsulları və təbii resursları ilə, Özbəkistan isə Azərbaycan texnologiyaları və qeyri-neft sektorunda məhsulları ilə maraqlanır.
Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişdir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu mənada, Mərkəzi Asiyadan Xəzər dənizinə, daha sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına gedən nəqliyyat marşrutları xüsusi aktuallıq kəsb edir. Özbəkistan-Azərbaycan birgə biznes forumları, eləcə də iqtisadi sahədə həyata keçirilən digər tədbirlər sayəsində əməkdaşlığın yeni sahələri müəyyən edilmiş və bir sıra uğurlar qazanılmışdır.
Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Özbəkistan Prezidentinin Azərbaycana səfəri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində öz sözünü deyəcəkdir. Bütün bunlar iki dövlət arasında uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malik hüquq-müqavilə bazasına təkandır.