Xəbərlər
Dünyaya açılan sülh qapısı
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı enerji, nəqliyyat və logistika layihələri təkcə Azərbaycanın deyil, bütün regionun sabitliyi, inkişafı və rifahı üçün strateji əhəmiyyət daşıyır.
Bu kontekstdə Azərbaycanın bir sıra dost ölkələr, xüsusilə də qardaş Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistanla münasibətlərinin daha da dərinləşməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri, şübhəsiz ki, strateji və tarixi əhəmiyyətə malikdir.
Azərbaycanla Özbəkistanı yalnız ortaq maraqlar deyil, həm də dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir.
Türk dövlətləri müstəqilliklərini bərpa etdikdən sonra onlar arasında yaxınlaşma sürətlənib. Müstəqilliyin ilk illərində dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyev və Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun böyük xidmətləri olub. İslam Kərimovun 1996-cı ildə Azərbaycana, Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı tərəflər arasında münasibətlərin strateji istiqamətləri müəyyənləşib.
Hər iki xalq Türk dünyasına mənsubdur, ortaq dil, din, adət-ənənə və dəyərlərə malikdir. Bu amillər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə diplomatik deyil, həm də qardaşlıq və strateji müttəfiqlik xarakteri daşıyır. Son illərdə bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, 2022-ci il iyunun 21-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, eləcə də, 2024-cü il avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əməkdaşlığın hüquqi bazasını gücləndirib. Bu mühüm sənədlərdən sonra ölkələrimiz arasında siyasi dialoq intensivləşib, iqtisadi əlaqələr genişlənib, mədəni-humanitar əməkdaşlıq yeni dinamika qazanıb. Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir, qlobal və regional miqyasda ortaq mövqe nümayiş etdirir.
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Prezident Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə 960 şagird yerlik məktəb tikilib. Bu təhsil ocağı Mirzə Uluqbəyin adını daşıyır.
Prezident İlham Əliyev bununla bağlı bildirib: “Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub”.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının gücləndirilməsində də aparıcı rola malikdir.
Hər iki dövlət Türk dünyasının birliyi, ortaq iqtisadi məkanın formalaşdırılması, mədəni-mənəvi dəyərlərin qorunması və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal təşəbbüslərlə çıxış edir. Son illərdə Azərbaycan - Özbəkistan əlaqələrinin yüksələn xətlə inkişafı göstərir ki, bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji resursa çevrilməkdədir.
Əminik ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və siyasi iradə Azərbaycan və Özbəkistanın gələcəkdə də bütün sahələrdə uğurlu əməkdaşlığını təmin edəcək. Bu münasibətlər xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və inkişaf proseslərinə xidmət edəcək.
Azərbaycan Orta Dəhlizin aparıcılarından biri olduğu üçün Çin-Qırğızıstan-Özbəkistan marşrutu üzrə beynəlxalq dəmiryol layihəsində iştirakda maraqlıdır. Özbəkistanda iqtisadi sahədə aparılan islahatlar bu ölkəyə sərmayə qoymaqda üstünlüyə səbəb olan amillərdəndir.
Ölkələr arasında ikitərəfli əlaqələr Türk Dövlətləri Təşkilatının da güclənməsinə, ortaq maraqların reallaşmasına təkan verəcək.
Azərbaycan və Özbəkistan müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib.
Hər iki ölkə bugünkü imkanları, eləcə də Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq gələcək layihələri nəzərə alaraq, nəqliyyat və logistika sektorunu ətraflı nəzərdən keçirir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıda olması, paytaxtda Özbəkistanın səfirliyinin yeni binasının açılması və Özbəkistan parkının salınması iki ölkənin münasibətlərinin daha da inkişaf etməsi baxımından çox uğurlu işlərdir. Bu gün Azərbaycan ilə Özbəkistan Turan ideyasının və Türk dünyasının çox güclü resursunu təşkil edir. İki ölkə arasında ortaq dəyərlər, dil və din birliyinin mövcudluğu olduqca əhəmiyyətlidir. Ona görə də tərəflər bütün Türk dünyasının quruculuğunun təməlində dayanan dövlətlər sırasındadırlar.
Odur ki, Azərbaycanla Özbəkistan əlaqələri iki Türk dövləti arasında beynəlxalq münasibətlərə örnək olacaq daha bir hadisədir. Dövlət başçısı Şavkat Mirziyoyevin səfəri, Prezident İlham Əliyevlə görüşü, liderlərin açıqlamaları, imzalanan sənədlər örnək sayılacaq əməkdaşlıq yaradacağına ümidləri artırır.