YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Son illərin mühüm və qürurverici hadisələrindən biri türk ailəsinə daxil olan ölkələr arasında əlaqələrin həm ikitərəfli çərçivədə, həm də beynəlxalq təşkilatlarda uğurla inkişaf etməsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə reallaşdırdığı dövlət səfəri fonunda Azərbaycan-Özbəkistan münasibətlərinin dünəninə nəzər salaq. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.

 Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir. Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərindədir.  Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Dövlət başçısı İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək bildirmişdir: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.

Hazırda Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində uğurla inkişaf etdirilir. Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin bu əməkdaşlığa töhfələri yüksək dəyərləndirilir. Dost ölkənin Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də ölkəmizə səfəri münasibətlərimizin dünəninə baxış əsasında qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Səfər çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlini qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini  deməyə əsas verir.

Atılan hər bir addım gələcəyə çağırışdır. Azərbaycan-Özbəkistan  dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu əminliyi ifadə etdi ki, biz bundan sonra da birlikdə çalışacağıq, dost, qardaş olacağıq.

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Bu tədbir də üzv ölkələrin ikitərəfli, həmçinin beynəlxalq təşkilat daxilində əlaqlərinin inkişafına böyük töhfələr verəcək. Çıxışlarda qeyd edildi ki, Azərbaycan ECO-nun Zirvə görüşü üçün nəinki yeni standartı müəyyən etdi, yeni meyarları ortaya çıxardı, həm də çox vacib hesab olunan ECO ailə ruhunun yaradılması istiqamətində mühüm addım atdı. Ümidvarıq ki, gələcək Zirvə görüşləri bu təcrübəni davam etdirəcək.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində çoxşaxəli maraqlara sahibdir. Bu maraqlar isə həm iqtisadi, həm geosiyasi, həm də mədəni və sosial sahələri əhatə edir. Eyni zamanda, Azərbaycan ECO ölkələri ilə ticarət dövriyyəsinin və iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Geosiyasi baxımdan, ECO platforması Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Zirvə görüşü ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin Təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.