Xəbərlər
Biz rəsmi müttəfiqik

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Türk dünyasının birliyi dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Tarixi Zəfərimizdən sonra bu birliyin, həmrəyliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri, Türk Dövlətləri Təşkilatının keçirilən Zirvə görüşlərində gündəmə gətirilən məsələlərlə bağlı ümumi mövqenin ortaya qoyulması, əlaqələrin inkişafında möhkəm hüquqi baza rolunu oynayan sənədlərin imzalanması və sair kimi biri-birindən mühüm addımlar birliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də ölkəmizdə dövlət səfərində oldu. Prezidentlərin təkbətək görüşü, mətbuata birgə bəyanatları dərin köklərə malik olan Azərbaycan-Özbəkistan əməkdaşlığının dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Səfər çərçivəsində mühüm sahələri özündə ehtiva edən 15-dən artıq sənəd imzalandı. İmzalanan sənədlər və yol xəritələri Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Mətbuata bəyanatında “Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk” söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik.
Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir.
Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, paytaxt Bakının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.
Cənab İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub: “Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”.
Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir.
Prezidentlər gələcək üçün yaxşı perspektivlərin olduğunu bildirdilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlini qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini sürətləndiyini deməyə əsas verir.
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Bu Zirvə görüşü də Azərbaycanın xarici siyasət uğurlarının, türk dünyasının birliyinin təqdimatında əhəmiyyətli rol oynadı. Zirvə görüşü üçün qədim Azərbaycan torpağının, Xankəndi şəhərinin məkan kimi seçilməsinin öz rəmzi mənası olduğu xüsusi qeyd edildi. Cənab İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd edə bilərik. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir. İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Cənab İlham Əliyev çıxışında belə bir əminliyi də ifadə etdi ki, müzakirələr səmərəli olacaq və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına öz müsbət töhfəsini verəcək.
Təbii ki, birgə səylər hədəflərə yüksək səviyyədə nail olmaq üçün əsasdır. Atılan hər bir addım birliyimizin, dostluğumuzun, qarşılıqlı etimada söykənən münasibətlərimizin təsdiqidir.