Xəbərlər
“Suverenliyə doğru yol: Heydər Əliyev irsi” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş “Suverenliyə doğru yol: Heydər Əliyev irsi” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə bütün sahələrdə misli görünməmiş canlanma baş vermiş, bu illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olmuşdur. Məhz həmin dövrdə Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılmış, xalqımızın milli şüurunda böyük oyanış baş vermişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci hakimiyyəti dövründə də, müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş, onun rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas olmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranmışdır.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Xuraman Səmədova Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.