Xəbərlər
Nəsimi rayonunda "Tərəqqi yolunun başlanğıcı" adlı dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı dəyirmi masa keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Daha sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, Nəsimi RİH yanında İctimai Şuranın üzvü Mirhəşim Cəlalov və uşaq poliklinikasının baş həkimi Ayşən Lemberanskaya 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxarmasından bəhs ediblər. Vurğulanıb ki, Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, bu, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Dahi şəxsiyyətin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev şəxsiyyətinin bəhrəsidir.