YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayılın azad edilməsi 44 günlük müharibənin gedişində xüsusi rol oynayıb

Nigar Məmmədova

Milli Məclisin deputatı

4 oktyabr Cəbrayıl Şəhəri Günüdür. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Cəbrayıl, 27 il sonra – 2020-ci il oktyabrın 4-də azad olundu. Erməni işğalına qədər Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Mənfur düşmən işğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurmuşdu.

Cəbrayıl şəhərindən demək olar ki, əsər-əlamət qalmamışdı. Burada cəmi beşmərtəbəli iki bina salamat idi. Bütün digər binalar, tarixi abidələr yerlə-yeksan edilmişdi. Erməni vandalizmi nəticəsində tarixi, dini və mədəni abidələr dağıdılmış, məhv edilmişdi. Cəbrayıl sakinləri isə 58 rayonun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.

2016-cı ildə Aprel döyüşləri zamanı strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin işğaldan azad olunması ilə Cəbrayılın Cocuq Mərcanlı kəndinə həyat qayıtdı. Bu, Böyük Qayıdışın başlanğıcı idi. 2020-ci il sentyabrın 27-də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri, ümumilikdə isə hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 90 kənd işğaldan azad edildi.

Cəbrayılın azad edilməsinin 44 günlük müharibənin gedişində xüsusi rolu oldu. Belə ki, Cəbrayıl azad olunduqdan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum əməliyyatları aparmaq mümkün oldu. Cənab Prezidentin də söylədiyi kimi, “ilk dəfə olaraq müharibənin birinci həftəsində Cəbrayılın şəhər, rayon mərkəzinin azad edilməsinin çox böyük rəmzi mənası var idi. Bu, bizim ordumuza əlavə güc, inam verdi.”

Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Ardınca Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Böyük Qələbədən dərhal sonra, noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət Bayrağımız ucaldıldı. Təbii ki, tarixi Xudafərin körpüsündə müstəqil Azərbaycan dövlətinin bayrağının ucaldılmasının xüsusi siyasi əhəmiyyəti vardı.

2021-ci ilin oktyabrında Prezident fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadi Zonası” bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün mühüm hadisə oldu. Bütün azad olunmuş ərazilərimiz kimi, Cəbrayılda da geniş bərpa-quruculuq işləri aparılır.

Cəbrayıl şəhərinə ilk köç karvanı 2024-cü il sentyabrın 26-da baş tutdu. Bu vaxta qədər Cəbrayıla 659 ailə – 2856 nəfər köçürülüb. Şəhərin baş planına əsasən, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Uzun illər çətin şəraitdə vətən həsrəti ilə yaşayan soydaşlarımız artıq öz doğma yurdlarında əbədi yaşayacaqlar.

DİGƏR Xəbərlər Arxiv