YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azadlığa qovuşan ilk şəhər: Cəbrayıl quruculuq dövrünü yaşayır

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli  Ordumuzun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Cəbrayıl 27 illik işğaldan sonra düşməndən azad edilən ilk şəhər idi. Bu şəhərin azad olunması həm müharibənin sonrakı gedişinə  müsbət təsir göstərdi, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltdi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Həmçinin, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin 31 iyul  2023-cü il  tarixli Sərəncamı ilə Azərbaycanın  işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi: “Həmin  Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.  Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımların əsas tərkib hissəsi kimi şəhər günlərinin təsis edilməsi Vətən müharibəsinə gedən yolun, eyni zamanda, tarixi Zəfərimizi şərtləndirən amillərin daim təhlil edilməsini, indiki və gələcək nəsillərə çatdırılmasını bir tələb kimi qarşıya qoyur. 44 günün hər günü tariximizə Zəfər səhifəsi kimi yazıldı. Canları, qanları ilə tarix yazan qəhrəmanlarımızın həyat yolu dastana çevrildi. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik”.

Malik Həsənov  qeyd edib ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı  üçün dövlət başçısı İlham Əliyevin 16 noyabr  2022-ci il  tarixli  Sərəncamı ilə təsdiq edilən  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanıldı və qayıdış ünvanlarının sayı davamlı  artır.  İndiyədək 30-a yaxın  yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlər qayıdıb.  Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Sakinlərinə qovuşan şəhərlər sırasında Cəbrayıl da var. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. Bu günədək  Cəbrayıla 659 ailə - 2856 nəfər köçürülüb”.

Millət vəkili bildirib ki, azad edilmiş şəhər və kəndlərimiz Baş Plan əsasında yenidən qurulur, bərpa edilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul   2023-cü il  tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edildi.  Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş Planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin  orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb”.

Malik Həsənov onu da qeyd edib ki, qısa müddətdə ölçüyəgəlməz bərpa-quruculuq işləri görülüb: “Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə, o cümlədən Cəbrayıl rayonuna davamlı səfərlərinin hər biri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş ərazilərimizə ilk səfər məhz Füzuli və Cəbrayıl rayonlarına oldu. Qarabağımız və Şərqi Zəngəzurumuz müasir tələblər səviyyəsində dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşur. Bu gün tarixi Zəfərimizin və bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda  şəhər günlərini böyük uğurlu nəticələrlə qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!”

DİGƏR Xəbərlər Arxiv