Xəbərlər
Azərbaycan ilə Serbiya suverenlik və ərazi bütövlüyü prinsipinə qarşılıqlı dəstək nümayiş etdirir
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Cari ilin fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
Serbiya Prezidenti Aleksandar Vuçiçin qeyd etdiyi fikirlər “Bu gün Prezident Əliyevlə dünyadakı və Avropadakı bütün mühüm məsələlərlə bağlı danışdım. Biz bir-birimizlə məsləhətləşdik, mən ondan öyrəndim. Bəzi prosesləri özüm müşahidə etdiyimdən daha yaxşı, daha dərindən dərk etdim” məhz Prezident İlham Əliyevin dünya liderləri üçün nümunəvi şəxsiyyət olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatdan məlum olur ki, bu gün Azərbaycan-Serbiya münasibətləri daha da güclənib və yeni inkişaf mərhələsinə keçib. Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq.
Ümumiyyətlə bu bir faktdır ki, Azərbaycan və Serbiya beynəlxalq platformlarda hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Təbii ki, hər iki dövlət arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə yeni strateji məqsədlərə çatmaq üçün potensial imkanların müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda Serbiya, Serbiyada Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərir.
Ölkələrimiz və dövlət başçıları arasındakı səmimi və möhkəm dostluq əlaqələri nəticəsində Bakı və Belqrad arasında hərbi-texniki əməkdaşlıq, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, mədəniyyət, idman, turizm və s. sahələrdə münasibətlər daha geniş xarakter alır. Azərbaycan Serbiyanın milli enerji sisteminə ən azı 500 meqavatlıq generasiya gücü qatacaq. Azərbaycan, həmçinin 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə edərək Avropaya ixrac edəcək ki, bunun bir hissəsi Serbiyanı əhatə edəcək.
Azərbaycan və Serbiya dövləti arasında qida təhlükəsizliyi, qaz-turbin elektrik stansiyasının layihələndirilməsi və tikintisi, media və kommunikasiya, mədəniyyət, idman və tibbi sığorta sahələrində imzalanmış memorandumlar ölkələrimizin milli maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.
