YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Heç bir qüvvə Azərbaycanın iradəsinə təsir edə bilməz

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Bu günlərdə Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən cənab İlham Əliyev  “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” söyləyərək  diqqəti Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasının əldə edilməsinə yönəltdi. Bildirdi ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Donald  Tramp, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.

Prezident İlham Əliyev iki ölkə arasında qarşılıqlı etimadın formalaşmasına yönələn addımlar sırasında Ermənistan və Azərbaycanın  “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərinin keçirilməsinə dəstəklərini diqqətə çatdırdı.  Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı  Zirvə görüşündə iştirakının müzakirə edildiyini və  tədbirə videobağlantı formatında qoşulacağı ilə bağlı razılığa gəldiklərini önə çəkən cənab İlham Əliyev onu da  əlavə etdi ki, bir il öncə Tiranaya səfəri zamanı Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına dəstəyini ifadə etməklə yanaşı, tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsini də  təklif etmişdir. Təklif qəbul olunmuşdur. Ermənistanın   namizədliyimizi dəstəklədiyini  xatırladan Prezident İlham Əliyev “Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir” söylədi.

Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirən cənab İlham Əliyev  “Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır” söyləyərək  bildirdi ki,  Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.

Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsində qazanılan uğurlarımız ölkəmizə qarşı belə qərəzli addımlara, əsassız, kağız parçasından başqa bir şey olmayan qətnamələrə tutarlı cavabdır. Heç bir qüvvə Azərbaycanın  iradəsinə  və mövqeyinə təsir edə bilməz.