YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycanın tarixi Zəfərinin, suverenliyinin tam bərpasının yaratdığı reallıqlar regionda və dünya siyasətində yeniliklərə yol açır. Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu diqqətdən kənarda qalmır. Hazırda ölkəmiz  sülh və enerji təcrübəsi ilə diqqətdədir. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan regionda dayanıqlı sülhü, təhlükəsizliyi təmin etmək üçün tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifini etdi. Baxmayaraq ki, qarşı tərəf sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu hər bir addımında nümayiş etdirirdi, lakin Azərbaycan uğurlu nəticələrə nail olacağına  inamı fonunda   səylərini daha da artırdı. Ölkəmiz sülh gündəliyinin müəllifi kimi  beynəlxalq aləmdə yerini və mövqeyini möhkəmləndirir. Ötən ilin avqustunda  cənab İlham Əliyevin ABŞ-a səfəri tarixi sülh razılaşmasının əldə edilməsi ilə yadda qaldı. Prezident İlham Əliyev hər bir çıxışında Azərbaycanın sülh təcrübəsindən geniş bəhs edir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin bu günlərdə Ermənistanın paytaxtı İrəvan şəhərində  keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı da diqqətdə oldu. Cənab İlham Əliyev bildirdi ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Donald Tramp,  həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.

Sülh sahəsində digər nailiyyət isə bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər.

Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirən Prezident İlham Əliyev bu reallığı da xüsusi vurğuladı ki, əfsuslar olsun heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Beş il ərzində 14 qətnamə aludəçilikdir.

Göründüyü kimi, Azərbaycanın  uğurlarını həzm edə bilməyən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumlar  bu gün də qərəzli yanaşmalarından əl çəkmək istəmirlər. Unudurlar ki, artıq yeni dünya nizamı formalaşır. Ədalətə və beynəlxalq hüquqa söykənən yanaşmalar gərəkdir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tədbir iştirakçılarına və videokonfrans vasitəsilə toplantıya qoşulan Prezident İlham Əliyevə təşəkkürünü ifadə edərək bildirdi ki, bu toplantı tarixi səciyyə daşıyır, çünki onun keçirilməsi Ermənistan və Azərbaycan arasında razılaşma sayəsində mümkün olub. Bu razılaşma Avropada bir sülh hekayəsidir, eskalasiyanın və müharibənin hökmranlıq etdiyi bir dünyada alqışlanmalıdır.