YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–İtaliya münasibətləri: strateji tərəfdaşlığın yeni prioritetləri

Azərbaycan–İtaliya münasibətləri son illərdə klassik enerji tərəfdaşlığı çərçivəsini aşaraq daha geniş, çoxşaxəli və institusional xarakter alıb. 2026-cı il mayın 4-də Prezident İlham Əliyev tərəfindən İtaliya Nazirlər Şurasının Sədri Ciorgia Meloninin Bakıya səfəri zamanı səsləndirilən bəyanat bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir. Sənəd təkcə mövcud vəziyyətin təsviri deyil, həm də gələcək inkişafın siyasi xəritəsi kimi çıxış edir. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan və İtaliya arasında münasibətlərin strateji əsası 2014 və 2020-ci illərdə imzalanmış sənədlərlə formalaşıb. Xüsusilə 2020-ci ildə Romada qəbul olunmuş çoxölçülü strateji tərəfdaşlıq bəyannaməsi əməkdaşlığın sistemli inkişaf istiqamətlərini müəyyən edib. Bu çərçivə artıq real siyasi və iqtisadi nəticələrlə özünü doğruldur. Dövlət başçısının da vurğuladığı kimi, münasibətlər bu gün ən yüksək səviyyədədir və qarşılıqlı etimad üzərində qurulub.

İtaliya Nazirlər Şurasının Sədri Meloninin regiona səfərinin marşrutu xüsusi siyasi məna daşıyır. Onun əvvəlcə Ermənistana, daha sonra Azərbaycana gəlməsi rəsmi Bakıya verilən diqqətin və hörmətin göstəricisi kimi qiymətləndirilir. Bu detal Azərbaycanın Cənubi Qafqazda artan siyasi çəkisinin və İtaliya üçün prioritet tərəfdaş statusunun göstəricisi kimi çıxış edir.

Pərvin Kərimzadə vurğulayıb ki, ikitərəfli münasibətlərin əsas dayağı olaraq enerji əməkdaşlığı qalmaqdadır. Azərbaycan uzun müddətdir İtaliyanın əsas enerji təminatçılarından biridir və bu sahədə tərəflər etibarlı tərəfdaş kimi çıxış edirlər. Trans Adriatic Pipeline layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır. 2025-ci ilin göstəricilərinə görə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr qazın 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönəlib. Bu isə İtaliyanı Azərbaycanın əsas qaz alıcılarından birinə çevirir. TAP layihəsinin genişləndirilməsi ilə bağlı aparılan müzakirələr tərəflərin əməkdaşlığı daha da dərinləşdirmək niyyətindən xəbər verir və bu proses Avropanın enerji şaxələndirmə strategiyası ilə üst-üstə düşür.

Ticarət-iqtisadi əlaqələr də diqqətəlayiq dinamika nümayiş etdirir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olaraq qalır və illik ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir. Bu, münasibətlərin yalnız enerji ixracı ilə məhdudlaşmadığını, geniş iqtisadi bazaya malik olduğunu göstərir. Azərbaycan Dövlət Neft Fondununİtaliya iqtisadiyyatına yatırdığı sərmayə Azərbaycanın artıq kapital ixrac edən ölkəyə çevrildiyini təsdiqləyir.

Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti real iqtisadi inteqrasiyanın göstəricisidir. Hazırda 130-a yaxın İtaliya şirkəti ölkədə fəaliyyət göstərir. Onların xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi 20-dən çox layihə post-münaqişə dövründə yenidənqurma prosesinə mühüm töhfə verir. Bu iştirak yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır və Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün açıq platforma olduğunu nümayiş etdirir.

Pərvin Kərimzadə bildirib ki, münasibətlərdə yeni istiqamət kimi hərbi-texniki əməkdaşlığın önə çıxması diqqəti cəlb edir. Prezidentin bəyanatında bu sahənin perspektivli olduğu xüsusi vurğulanır. Birgə istehsal, texnologiya transferi və sənaye kooperasiyası Azərbaycanın müdafiə sənayesinin modernləşdirilməsinə xidmət etməklə yanaşı, İtaliya üçün də yeni bazar imkanları yaradır. Bu əməkdaşlıq Azərbaycanın çoxvektorlu təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi də qiymətləndirilə bilər.

Humanitar sahə, xüsusilə təhsil istiqaməti münasibətlərin uzunmüddətli dayanıqlığını təmin edən əsas sütunlardan biridir. Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti artıq yüzlərlə tələbəni əhatə edir. Bu təhsil ocağı yalnız kadr hazırlığı baxımından deyil, həm də iki ölkə arasında mədəni və intellektual körpü rolunu oynayır. Burada təhsil alan gənclər gələcəkdə hər iki ölkə üçün “təbii elçilər” funksiyasını yerinə yetirəcək və əlaqələrin sosial bazasını daha da möhkəmləndirəcək.

Azərbaycan–İtaliya münasibətləri eyni zamanda daha geniş geosiyasi kontekstdə də mühüm rol oynayır. Bu əməkdaşlıq Avropa İttifaqının enerji təhlükəsizliyi, Cənubi Qafqazda geosiyasi balans və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı kimi məsələlərlə birbaşa bağlıdır. Azərbaycan İtaliya üçün Xəzər regionunda etibarlı tərəfdaşdırsa, İtaliya da Azərbaycan üçün Avropaya açılan əsas iqtisadi və siyasi tərəfdaşlardandı.

Bütün bu faktorlar göstərir ki, Bakı və Roma arasında münasibətlər artıq ənənəvi tərəfdaşlıq modelindən çıxaraq kompleks strateji ittifaq səviyyəsinə yüksəlir. Enerji, sənaye, müdafiə, investisiya və təhsil sahələrini əhatə edən bu çoxşaxəli əməkdaşlıq yaxın perspektivdə daha da dərinləşə bilər. Azərbaycan–İtaliya əlaqələri Avrasiya məkanında ən uğurlu və dayanıqlı ikitərəfli əməkdaşlıq modellərindən birinə çevrilmək potensialına malikdir – deyə millət vəkili Pərvin Kərimzadə qeyd edib.