Xəbərlər
“Tarixdə ali insan”
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarixdə ali insan” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, müstəqilliyimiz və suverenliyimiz uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki - Zaqatala Regional Mədəniyyət idarəsinin rəhbərliyi və əməkdaşları, dövlət orqanlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, ərazi partiya təşkilat sədrləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki - Zaqatala Regional Mədəniyyət idarəsinin rəisi Tural Kərimov, Nuxa ƏPT-nın sədri, regional mədəniyyət idarəsinin aparıcı məsləhətçisi Xatirə Səlimli çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müasir inkişaf strategiyasının formalaşdırılmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində misilsiz xidmətlərindən geniş bəhs edib, Ulu Öndərin zəngin siyasi irsinin bu gün də layiqincə davam etməyindən və bu irsin ölkəmizin inkişafına xidmət etməyindən danışıblar.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, bir qrup şəxsə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Bədii hissədə Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagirdlərindən ibarət ansamblın ifasında Ulu Öndərə həsr olunmuş mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.
