Xəbərlər
Şərurda Ümummilli Liderin xatirəsi anılıb
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şərur Rayon Mədəniyyət Sarayında Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Əbədiyyət zirvəsinə yüksələn Ümummilli Lider” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şərur şəhərinin mərkəzi prospektində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev və Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən geniş bəhs edərək onun müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətlərini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkəmizin regionda aparıcı və nüfuzlu dövlətə çevrilməsində mühüm rol oynayıb. Bildirilib ki, Ulu Öndər xalqımızın qəlbində əbədiyaşar lider kimi silinməz iz qoyub və onun zəngin siyasi irsi bu gün də uğurla davam etdirilir.
Tədbir çərçivəsində partiyanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup şəxs mükafatlandırılıb, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
Sonda “Əbədiyyətin ilk əsri - Heydər Əliyev” adlı sənədli film nümayiş olunub.
