Xəbərlər
“Heydər Əliyev və dövlətçilik fəlsəfəsi”
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və dövlətçilik fəlsəfəsi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
YAP Kürdəmir rayon təşkilatının inzibati binasında davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev - Vətənə, xalqa həsr edilən ömür” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, müstəqil Azərbaycan bu gün Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında mühüm tarixi nailiyyətlər qazanır. O vurğulayıb ki, müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir.
Qeyd olunub ki, Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq ölkəni parçalanmaq təhlükəsindən xilas edib, müasir Azərbaycan dövlətinin əsaslarını formalaşdırıb. Ulu Öndərin xalqın rifahı, dövlətin müstəqilliyi və inkişafı naminə göstərdiyi misilsiz xidmətlər xüsusi vurğulanıb.
Bildirilib ki, Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə uğurla davam etdirilir. Aparılan genişmiqyaslı islahatlar və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib.
Həmçinin qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, eləcə də 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması Heydər Əliyev siyasətinin uğurlu davamının bariz nümunəsidir.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist və hüquqşünas Əlisəfa Azayev, həmçinin partiyanın veteran üzvü Qasım Hüseynov bildiriblər ki, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi dayanır. Vurğulanıb ki, bu fəlsəfə milli maraqların qorunmasına, xalqın rifahına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və güclü dövlət quruculuğuna xidmət edir.
