Xəbərlər
Kəngərli rayonunda “Heydər Əliyev və müasir Azərbaycan” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
YAP Kəngərli rayon təşkilatında davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib. O qeyd edib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, milli birlik daha da güclənib və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb. Vurğulanıb ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov, Statistika idarəsinin rəisi Novruz Kətənov, Yeni Kərki kənd ərazi partiya təşkilatının sədri Vəfa Məmmədova çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev xalqın milli-mənəvi dəyərlərinin qorunmasına və Azərbaycançılıq ideologiyasının inkişafına daim xüsusi diqqət yetirib. Ümummilli Liderin həyata keçirdiyi uğurlu siyasət ölkədə sabitliyin, inkişafın və tərəqqinin əsasını təşkil edib. Qeyd olunub ki, Ulu Öndər öz müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və misilsiz liderlik keyfiyyətləri ilə Azərbaycanın müstəqilliyinin dönməzliyi və əbədiliyini təmin edib.
Tədbirdə ictimai-siyasi fəallığı ilə seçilən bir qrup partiya fəalına fəxri fərman və hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
