YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçu rayonunda Ulu Öndərin büstü açılıb

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının “Yavər Əliyev küçəsi 4” ünvanı üzrə ərazi partiya təşkilatında (SOCAR-ın Geologiya və Geofizika İdarəsi) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ulu Öndərin büstünün açılış mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstünü ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələri ilə müasir Avropa dəyərlərini özündə birləşdirən uğurlu inkişaf modeli kimi özünü doğruldub. O qeyd edib ki, ictimai-siyasi sabitlik və sosial-iqtisadi inkişaf bu modelin əsas sütunlarına çevrilib, insan hüquq və azadlıqlarının təminatı isə daim xüsusi diqqət mərkəzində saxlanılıb.

SOCAR-ın Geologiya və Geofizika İdarəsinin rəis müavini Zaur Axundov çıxışında vurğulayıb ki, Heydər Əliyevin həyat yolu Vətənə və xalqa xidmət nümunəsidir. Onun müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın gələcək tərəqqisinin əsasını təşkil edib.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Ramil Əliyev isə çıxışında qeyd edib ki, Ulu Öndərin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biridir. O bildirib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib.

Ərazi partiya təşkilatının sədri Heydər Kazımov çıxışında qeyd edib ki, Ulu Öndərin ölməz ideyaları Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və bu siyasi kurs bu gün də ölkənin tərəqqisini təmin edir.

Tədbir çərçivəsində ağacəkmə aksiyası da keçirilib. Aksiya zamanı ümumilikdə 300-ə yaxın şam ağacı əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.